Ru
17:45 / 24 İyul 2026

İstirahət üçün hansı rayona üz tutaq? – Həm əyləncəli, həm ucuz...

İstirahət üçün hansı rayona üz tutaq?  – Həm əyləncəli, həm ucuz...
Eye

Yay mövsümünün başlaması ilə Azərbaycanda daxili turizmə maraq artıb. Məktəblərin və universitetlərin tətilə çıxması, eləcə də məzuniyyət mövsümünün başlaması ilə bir çox vətəndaş istirahət üçün bölgələrə üz tutur. Bəs həm sərfəli, həm də keyfiyyətli istirahət üçün hansı istiqamətlər daha uyğundur?

Turizm üzrə ekspert Cəfər Qarayev “BakuPost”a bildirib ki, yay mövsümündə ölkədaxili turizmdə canlanma müşahidə olunur. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə müəyyən azalma olsa da, həm ölkəyə gələn, həm ölkədən gedən, həm də ölkədaxili səyahət edənlərin sayında hərəkətlilik davam edir.

Ekspert qeyd edib ki, şəxsi avtomobillə səyahət edənlər üçün yol infrastrukturunun keyfiyyəti və iqlim mühüm rol oynayır:

“Paytaxt sakinləri daha çox şimal, şimal-qərb və cənub istiqamətlərinə üz tuturlar. Bu bölgələrdə yol infrastrukturu yaxşılaşdırılıb, eyni zamanda dağlar, meşələr, çaylar və sərin hava yay istirahəti üçün əlverişli şərait yaradır. Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və cənub bölgələri bu baxımdan daha çox seçilir.”

C.Qarayev bildirib ki, ailələr üçün sakit mühitə və uşaq əyləncə imkanlarına malik məkanlar, gənclər üçün isə Nabran, Xaçmaz, Şahdağ və Qəbələdəki aktiv istirahət növləri daha cəlbedicidir. O, vətəndaşlara otel və ya günlük kirayə ev seçərkən sosial şəbəkələrdəki rəyləri oxumağı, qiymətləndirmələri nəzərdən keçirməyi və imkan daxilində yerli turizm şirkətlərinin xidmətlərindən istifadə etməyi tövsiyə edib.

Turizm üzrə ekspert Rəhman Quliyev isə “BakuPost”a deyib ki, qiymət və xidmət balansına görə hazırda Qax, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar və Lənkəran turistlər üçün daha sərfəli istiqamətlər hesab olunur.



Onun sözlərinə görə, bu bölgələr zəngin təbiəti, təmiz havası, milli mətbəxi və müxtəlif büdcələrə uyğun yerləşmə imkanları ilə seçilir. Son illərdə hotellərin və ailə tipli qonaq evlərinin sayının artması da turistlərin seçim imkanlarını genişləndirib.

R.Quliyev ailələr üçün geniş otaqları, təhlükəsiz mühiti və uşaqlar üçün əyləncə zonaları olan obyektləri, gənclər üçün isə Qəbələ, Şahdağ və Qusardakı aktiv istirahət imkanlarını tövsiyə edib. O, büdcəyə qənaət etmək istəyənlərə səyahəti əvvəlcədən planlaşdırmağı, erkən rezervasiya kampaniyalarından yararlanmağı və həftəiçi günlərdə istirahət etməyi məsləhət görüb.

Ekspert əlavə edib ki, otel və ya günlük kirayə ev seçərkən yalnız qiymətə deyil, obyektin reytinqinə, qonaq rəylərinə, xidmət keyfiyyətinə, qiymətə daxil olan xidmətlərə və ləğv şərtlərinə də diqqət yetirilməlidir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar