İtaliya hökuməti Yaxın Şərqdə müharibənin genişlənməsi ilə əlaqədar İranla diplomatik dialoq kanalını açıq saxlamaqda qərarlıdır.
Bakupost.az İtaliya mediasına istinadən xəbər verir ki, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani martın 6-da bildirib ki, Roma Tehranla diplomatik əlaqələri kəsməyəcək.
Nazirin sözlərinə görə, İtaliyanın İran səfirliyinin bütün əməkdaşları təhlükəsizlik səbəbilə Azərbaycana köçürülüb. Diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.
Tajani qeyd edib ki, İranla diplomatik əlaqələrin qorunması hazırkı şəraitdə mühüm əhəmiyyət daşıyır.
“Tehranla diplomatik əlaqəni saxlamaq vacibdir. Bizim İranda səfirliyimiz qalır, lakin o, fəaliyyətini Azərbaycanın paytaxtı Bakıdan həyata keçirəcək”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, bu addım İranla diplomatik münasibətlərdə heç bir fasilə anlamına gəlmir.
“Dialoq həmişə açıq qalmalıdır. Məqsədimiz mümkün qədər tez hərbi əməliyyatların dayandırılmasına nail olmaqdır. Bunun üçün Avropa səviyyəsində fəaliyyətimizi və koordinasiyanı davam etdirəcəyik”, – deyə Tajani bildirib.
Nazir qeyd edib ki, regionda gərginlik İran ətrafında başlayan və sonradan digər ölkələrə yayılan münaqişənin eskalasiyası fonunda artıb.
Cavid, BakuPost