İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmək əvəzinə, dünən rusiyalı həmkarı Vladimir Putin zəng edərək ölkəsinin Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə hücumu həyata keçirmədiyini bildirib. O bu hadisəni “düşmənlərin əməli” kimi qiymətləndirib. Demək, Məsud Pezeşkian Naxçıvana dron hücumuyla bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə təkzib yolunu seçib.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, İran Prezidentinin “düşmənlərin əməlidir” iddiasının arxasında PUA hücumunun ABŞ və ya İsrail tərəfindən həyata keçirildiyi fikrinə işarə var:
“Bu məntiqə görə, ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana PUA hücumu həyata keçirib. Pezeşkian və onun kimi düşünənlərin bir başqa məntiqinə görə, ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə ona görə dron hücumu həyata keçiriblər ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirsinlər. Elə bil bu illərdə Azərbaycana qarşı təxribatları həyata keçirənlər İranın güc strukturları olmayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Bunun da arxasında ABŞ və İsrail dayanır?”
Lalə, BakuPost