"Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın
ətrafında sanki bir kabus dolaşmaqdadır. Yarmarka sahibinin başı üzərini almış
qorxulu şimşəklər çəkilib getmək bilmir.
BakuPost.az xəbər verir
ki, onun çevrəsində son vaxtlar bir-birinin ardınca müəmmalı və faciəvi hadisələr
yaşanmaqdadır.
Çox qəribədir ki, bu olaylarda K.Məmmədovaya
birbaşa zərbə olmasa da, ətrafındakılar ziyan çəkir. Lakin son 2 ay ərzində olanların
təsadüfi, yoxsa sifarişli olduğu hələ də sirr olaraq qalmaqdadır.
Belə ki, əvvəlcə bu il aprelin 14-də Zığ yolunda 3
nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəza baş verir.
Qəzada yanan 10 AX 002 nömrəli "VAZ-2104” markalı
avtomobilin K.Məmmədovanın adını daşıyan "Kəbirə Məmmədova Klinikası”na məxsus
olduğu üzə çıxır.
Nəticədə 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar
oğlu, onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu və
klinikanın maşının sürücüsü Gülağa Quliyev yanaraq ölür.
K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov isə
deyir ki, "VAZ-2104"-ün sürücüsü Gülağa Quliyev onun qonşusudur.
"Şəkilləri yayılan "Mercedes" markalı
maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrənin
Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. Kəbirə Məmmədovanın
bu məsələ ilə bağlı əlaqəsi yoxdur”.
Əlbəttə, avtomobilin yarmarka sahibinin qardaşı
oğluna aid olmaması mümkündür. Ancaq maşının klinikanın olduğu təkzib edilmir.
***
Mayın 19-da isə Şağan qəsəbəsində Səbirə Məmmədovaya
məxsus evdə yanğın baş verir. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41
yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.
Həkimlərin səyinə baxmayaraq, N.Cabbarov xəstəxanada
ölür. Məlum olur ki, evi yanan və mühafizəçisi ölən şəxs Kəbirə Məmmədovanın
bacısıdır. Ancaq bu hadisə də son olmur.
Polisin ölümü ilə nəticələnən yol qəzasında "Binə”
sahibinin qardaşı oğlunun adı keçir. Sanki K.Məmmədovanın ətrafı "minalanıb” və
ona yönəlik "terakt”lar baş verməkdədir.
Bu dəfə Bibiheybət yolundakı (təsadüfə bax: Binə
bazarına aparan yol- müəllif) faciəvi qəzanın səbəbkarlarından biri - "Porsche”
markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Kəbirə Məmmədovanın
qardaşı oğlu kmi təqdim edilir.
Lakin bazar sahibəsi həmin şəxsin qardaşı oğlu
olmasını mətbuata açıqlamasında təkzib edir. Əgər doğrudan da belədirsə, deməli,
hansısa güclər mediaya informasiya sızdıraraq məqsədli şəkildə "Porşe” ilə
polisi öldürən şəxsi K.Məmmədova ilə qohum çıxarmağa çalışır.
Beləliklə, bir-birinin dalınca baş verən və hər
biri ölümlə nəticələnən hadisələr K.Məmmədovanın ətrafında fokuslaşıb.
Bu, özü-özlüyündə sahibkarın düşmənlərinin olduğu,
onu zəiflətmək istəyən qüvvələrin əlinin xeyli uzun olması fikrinə yol açır.
Çünki K.Məmmədovanın başı üzərindəki "qara bulud”lar
çoxdan dolaşmaqdadır. "Binə” bazarında tez-tez yanğınların olması, dükanların
külə dönməsi hər dəfə təsadüfi və ya qısqapanmadan ola bilməz.
Deyilə bilər ki, "Binə” ilə yanaşı "Sədərək” və
"Karvansaray” ticarət mərkəzləri də fəaliyyət göstərir. Ancaq onların heç
birində bu qədər yanğınlar olmayıb. Üstəgəl, 2013-cü ildə sahibkarların ən
güclü etiraz aksiyası da məhz "Binə”də təşkil olmuşdu.
Əldə etdiyimiz məlumatlara görə, K.Məmmədovanın
"vurulması” prosesi gedir.
Sadəcə, onun ətrafında dövr edən informasiyalar bu prosesin başlanğıc mərhələsidir...
Emil
Baku Post