“Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalından çıxarılıb.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu ekran əsərinin rejissoru Suada Qarayeva bildirib.
O, həm öz, həm də layihənin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomonun (Rumıniya) adından bəyənat yayıb.
Rejissor paylaşımında bildirib:
“Təəssüf ki, “Məhsəti” filmimiz Bakı Film Festivalı proqramından çıxarılıb, çünki Mədəniyyət Nazirliyinin Film Şurası ona nümayiş lisenziyası verməkdən imtina edib və filmin mənəvi dəyərlərə uyğun olmadığını bildirib. Filmdə 12-ci əsr şairi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
Film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. O, tək ana tərəfindən böyüdülüb, sevgi, şərab, hisslər və azadlıq haqqında cəsarətlə və gözəlliklə yazan bir sənətkar idi. Onun yaradıcılığı, onu və ümumilikdə qadınları səsdən məhrum edib keçmişdə saxlamaq istəyənlərin bütün səylərinə baxmayaraq, demək olar ki, min ildir yaşayır.
Qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik. Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür. Məhsəti təbiət qüvvəsi kimi biri idi – qabaqcıl, azad ruhlu, 12-ci əsrdən bu günə qədər işığı sönməyən parlaq bir ulduz.
21-ci əsrdə qadınları ənənəvi gender rollarında saxlamaqdan daha yaxşısına qadirik”.
Rejissor və prodüserlər bu filmə ürəklərini və ruhlarını sərf edən bütün aktyorlardan, çəkiliş heyətindən və istedadlı insanlardan, eləcə də festivalda nümayişini səbirsizliklə gözləyən dostlarından, tərəfdarlarından və sevdiklərindən üzr istəyiblər.
Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub.
Xatırladaq ki, S.Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.