“OpenAI” süni intellekt şirkətinin baş direktoru Sam Altman kosmik texnologiyalar sahəsinə daxil olaraq İlon Maskla rəqabəti bir qədər də gücləndirməyə hazırlaşır.
Bakupost.az “Wall Street Journal”a istinadən xəbər verir ki, Altman Yer orbitində enerji tutumlu məlumat mərkəzləri qurmaq üçün ya yeni raket şirkəti yaratmağı, ya da mövcud istehsalçını satın almağı nəzərdən keçirir.
Məlumata görə, Altman yay aylarında ən azı bir şirkət – “Stoke Space” ilə əlaqə saxlayıb və payızda tərəflər arasında danışıqlar intensivləşib. Təkliflər arasında “OpenAI”a milyardlarla dollarlıq investisiya paketi də olub. Daha sonra bu danışıqların dayanma həddinə gəldiyi bildirilir.
Altman və Mask münasibətləri 2015-ci ildə “OpenAI”ı birlikdə qurduqları dövrdən gəlir. 2018-də Mask şirkətdən ayrıldıqdan sonra tərəflər açıq rəqabətə keçdi. 2022-də “ChatGPT”nin çıxışı və ardınca Mask-ın “xAI” və “Grok” layihələrini başlaması bu rəqabəti daha da gücləndirdi.
Altmanın kosmik texnologiyaya marağı yeni deyil. O, yaxın keçmişdə verdiyi açıqlamalarda qlobal məlumat mərkəzlərinə artan tələbatın gələcəkdə orbitdə yerləşən enerji sistemləri ilə həll edilə biləcəyini deyib.
Bu həftə Altman OpenAI daxilində də təzyiqlə üzləşib. “Google”un “Gemini” modelinin yeni versiyasının bir sıra göstəricilərdə “ChatGPT”ni üstələməsi şirkətdə narahatlıq yaradıb və daxili sürətlənmə qərarlarına gətirib.