Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı "Bakupost TV"-də aparıcısı olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin növbəti buraxılışını payıza, doğulduğu Yardımlı rayonunun təbiətinə həsr edib.
Doğma rayonda kamera qarşısına keçən S.Rüstəmxanlı payızda təbiətin daha dinc, daha sakit olduğunu və adamı özünə çəkdiyini deyib:
Payız oldu, yenə gəldim dağlara,
Bostanların uralayan çağıydı.
Təbiətin hər nə qədər rəngi var,
bir yamacda sıralanan çağıydı.
Bir də görürsən, meşələr başlayıb saralmağa və balaca yamacda doğrudan da yüzlərlə bir-birinə qarışan, bir-birini əvəz edən rəng var.
Yardımlının çox maraqlı bir guşəsində oturmuşuq. Adətən, yayda gəlirik bura, bu dəfə isə payızda yolumuz düşdü. Buranın gözəlliyi ondadır ki, həm bir-iki tərəfindən su axır, həm də daşdan sızan bulaq var. Dünyanın möcüzə sularından biridir. Buradan keçə bilmədik, dayandıq, o sudan doyunca içdik. Yardımlı indi mənə doğma yerdir, bu öz yerində. Amma bura həm də mənim yaddaşımda dostlarımın xatirəsi ilə qalır. Bizim evə Bakından ilk gələn qonaq böyük alimimiz, mərhum Xudu Məmmədov olmuşdu. Xudu Məmmədov bu dərələri, dağları görəndən sonra mənim şair dostum Məmməd İsmayılın bir misrasını xatırladı: “Qoymayın dünyanı adiləşməyə”. Dedi ki, dünya adiləşə bilməz, heç bir rayonu gəzib qurtarmaq, axıra kimi dərk etmək olmur. Ona görə həmin o Xudu müəllimin sözünü xatırladım".
S.Rüstəmxanlı qeyd edib ki, vətən torpağının sehri, cazibəsi həm də dərk olunmazlığındadır:
"Doğrudan da heç vaxt tam dərk olunmur, sona qədər ürəyinə sığmır, heç vaxt adiləşmir. Bir az da gözdən kənar bir yerdir bura. Az adam gəlib-gedir, kəndlər boşalır, cavanlarımız köçüb gedirlər, obaların səsi-küyü azalır. Amma buna baxmayaraq, bura böyük mənada Azərbaycanın ortasıdır".
Ətraflı videoda...