Cenevrədə baş tutacaq Moskva-Kiyev-Vaşinqton üçtərəfli görüşündə ərazi məsələləri də daxil olmaqla, bütün əsas məsələlər də nəzərdən keçiriləcək.
Bakupost.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, bu baxımdan Cenevrədə baş tutacaq sülh danışıqları Əbu-Dabidəki danışıqlardan daha geniş mövzuları əhatə edəcək.
O qeyd edib ki, bu səbədən də Cenevrədəki danışıqlarda Rusiya nümayəndə heyəti daha geniş tərkibdə iştirak edəcək. “Nümayəndə heyətinin tərkibində prezidentin köməkçisi Vladimir Medinski ilə yanaşı, xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da var. Medinski Ukrayna üzrə Rusiya danışıqçıları nümayəndə heyətinin rəhbəri olaraq qalır. O, Əbu-Dabidəki raundlarda iştirak etməyib, çünki oradakı müzakirələr xüsusilə təhlükəsizlik məsələləri ilə bağlı olub”, - o qeyd edib.
Peskov bildirib ki, Putin Cenevrəyə yola düşməzdən əvvəl Rusiya nümayəndə heyətinə ətraflı təlimatlar verib.
Peskov onu da deyib ki, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də Cenevrəyə səfər edəcək, lakin o, yalnız ABŞ ilə iqtisadi əməkdaşlığa diqqət yetirəcək.
Danışıqlar 17-18 fevral tarixində Cenevrədə baş tutacaq.