Ru
16:36 / 01 Sentyabr 2026

"Kreml bu sərhədin açılmasında maraqlıdır"

"Kreml bu sərhədin açılmasında maraqlıdır"
Eye

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi ilə tanış olub.

“Bakupost” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyanla birlikdə Ermənistanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri də keçid məntəqəsində olublar. Səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan məntəqənin təmiri və təchizatı üzrə görülən işlər barədə məlumat verib, onun istismara tam hazır olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhəddə yerləşən bu keçid məntəqəsini 1993-cü ildə bağlayıb.

Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, “Marqara” keçid məntəqəsinin açılması üçün İrəvanın ilk növbədə Rusiya ilə razılığa gəlməsi vacibdir:



“Son zamanlar İrəvan Rusiyadan uzaqlaşmaq strategiyası götürüb. Parlament seçkilərinin başa çatması ilə bu proses daha aktiv formatda davam edir. Problem ondadır ki, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini rus sərhədçiləri qoruyur. Ermənistan Türkiyə ilə sərhəddəki ‘Marqara’ keçid məntəqəsinin açılmasına doğru getmək istəyir. Amma burada əsas məsələ sərhəddə hərbi mövcudluğu olan Rusiyanın mövqeyinin necə olacağıdır. Yəni məntəqənin açılması üçün ilk növbədə İrəvanla Moskva arasında razılaşma olmalıdır”.

M.Əliyevin fikrincə, əslində Rusiya özü də Türkiyə-Ermənistan sərhədinin açılmasında maraqlı ola bilər. Ekspert bunu Moskvanın alternativ logistika marşrutlarına ehtiyacı ilə əlaqələndirir:

“Rusiya Qara dəniz vasitəsilə idxal mallarını əvvəlki imkanlarla ala bilmir. Ona görə də alternativ logistika yolları axtarır. Bu zaman üç variant ortaya çıxır: Türkiyə-Gürcüstan sərhədi, Naxçıvan-Ermənistan marşrutu və birbaşa Ermənistan ərazisindən keçən daha qısa yol.

Ona görə də Moskvanın sərhədin açılmasına razılıq verməsi mümkündür. Çünki Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasında və Rusiyanın da bu marşrutdan istifadə edə bilməsində maraqlıdır. Fikrimcə, burada vacib məqam məhz budur”.

Ekspert hesab edir ki, sərhədin açılması məsələsi ilə paralel olaraq Rusiya sərhəd qoşunlarının həmin ərazidən çıxarılması məsələsi də gündəmə gələ bilər.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar