Sankt-Peterburqda iki tədbir ardıcıl planlaşdırılmışdı: Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti. 21 dekabrda keçirilən Ali Avrasiya İqtisadi Şurası Aİİ ölkələrinə aiddir, bu tədbirdə zatən Azərbaycanın təmsil olunacağı ehtimalı yox idi. 22 dekabrda isə MDB dövlət başçılarının qeyri-rəsmi sammiti nəzərdə tutulur ki, bu tədbirdə adətən, Azərbaycan lideri də iştirak edir.
Tədbirlərin ardıcıl salınması başadüşüləndir: Aİİ ölkələri həm də MDB üzvləridir, toplanırlarsa, bir gün sonra MDB dövlət başçılarının sammitində də iştirak etsinlər!
Hər kəsin diqqəti Azərbaycan prezidentinə dikilmişdi: İlham Əliyevin 22 dekabrda Peterburqa gəlib-gəlməyəcəyi maraqla gözlənilirdi.
2024-cü ildə MDB dövlət başçılarının Peterburqda keçirilən qeyri-rəsmi sammiti 25 dekabra təyin edilmişdi və İlham Əliyev o tədbirdə iştirak üçün səfər etmişdi. Lakin AZAL-ın mülki təyyarəsinin Qroznı səmasında vurulduqdan sonra Aktauda qəzaya uğramasına görə Azərbaycanın “Bir nömrəli” təyyarəsi Peterburqa eniş etmədən, Rusiyanın şimal paytaxtının üzərində dövrə vuraraq geri qayıtmışdı. İlham Əliyev Peterburq üzərində olarkən Putinlə telefon əlaqəsi saxlamış və AZAL təyyarəsinin vurulmasına görə təcili geri qayıtmağa məcbur olduğunu da bildirmişdi.
Ancaq İlham Əliyev Bakıya çatmamış artıq AZAL təyyarəsinin qəzasının ilkin səbəbləri haqda ciddi məlumatlar əldə etmişdi və təsadüfi deyil ki, Heydər Əliyev hava limanına enən kimi hadisə ilə bağlı qəti və sərt mövqeyini ortaya qoydu.
AZAL təyyarəsinin Rusiya səmasında vurulmasının və 38 nəfərin ölümünün ildönümünə 3 gün qalmış İlham Əliyevin Peterburqa gedib-getməyəcəyi müzakirə predmeti idi və nə qədər maraqlı da olsa, bu müzakirə Azərbaycanda deyil, Rusiya elitası və mediasında daha ciddi izlənilirdi.
Ona görə də Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu yöndən suallara cavab verməli oldu. Peskov 20 dekabrda rəsmi Kremlin mövqeyini elan etdi: İlham Əliyevin Peterburqa səfərini gözləyirik!
Səhərisi gün isə Peskov daha bir açıqlama yaydı: Putinin İlham Əliyevlə ikitərəfli görüşü nəzərdə tutulur!
Beləliklə, Kreml ardıcıl iki dəfə Bakıya dolayı mesaj göndərmiş oldu: Gözləyirik və ikitərəfli görüş olacaq!
Bu gün Azərbaycan Prezidenmt Administrasiyası rəsmi açıqlama yayaraq, sıx qrafik səbəbindən İlham Əliyevin Peterburqa getmədiyini elan etdi!
Oktyabrın 9-10-da Düşənbədə Putinlə keçirilən görüşdən və razılaşmalardan sonra İlham Əliyevin MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammitinə qatılma ehtimalı daha yüksək idi.
Ancaq:
1. Böyük ehtimalla AZAL təyyarəsinin vurulmasının ildönümü ərəfəsində rəsmi Bakı Kremldən ikitərəfli münasibətlərin ruhuna uyğun daha səmimi açıqlamalar gözləyirdi;
2. Azərbaycan “Sputnik Azərbaycan”ın rəhbərləri kimi fəaliyyət göstərən, əslində isə "FSB" agentləri olan şəxsləri ev dustaqlığına buraxdı, sonra da Rusiyaya getməsinə icazə verdi. Əvəzində, məsələn, Şahin Şıxlinskinin həbs müddəti uzadıldı və onun ömürlük həbs ehtimalı var;
3. İlham Əliyevin siyasi uğurunun əsasında ikitərəfli münasibətlərdə bərabərhüququluluq, dövləti və şəxsi qürur, verdiyi vədi yerinə yetirmək, sözübütövlülük dayanır. Təsadüfi deyil ki, İlham Əliyevin "Heç kəs bizimlə diktə dilində danışa bilməz", "Bizim sözümüz bizim imzamızdır" sözləri onun siyasətinin qayəsi kimi istifadə edilir!
Kremlin mesajları hələ vədlərini yerinə yetirdiyi anlamına gəlmir!
İlham Əliyevin səfərdən imtina etməsi ilə bağlı Kremlin ən son açıqlaması da bu baxımdan maraqlıdır.
“İlham Əliyevin sıx qrafikə görə Peterburqa səfərini ləğv etməsini başa düşürük”, - Peskov deyib.
Burda getməməkdən yox, “səfərin ləğvindən” söhbət gedir.
25 dekabrda dövlət başçısından, çox güman ki, müəyyən mesajlar alacağıq...
Elnur,
BakuPost