Bu gün gecə saatlarında Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın Krasnodar vilayətindəki Taman limanına hücum edib.
Bakupost.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində iki gəmidə yanğın baş verib və iki yük körpüsü (priçal) zərər görüb. Təxminən 1000–1500 kvadrat metr sahə yanıb. Liman terminalının yaxınlığında yerləşən neft boru kəməri də zədələnib.
Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, gecə ərzində Krasnodar vilayətində PVO sistemləri PUA-lar aşkar edib və məhv edib. Bunlardan üçü ərazidə, ikisi isə Qara dəniz akvatoriyası üzərində vurulub.
Taman limanı Rusiya üçün strateji əhəmiyyətə malikdir və burada neft məhsulları, sıxılmış qaz və sənaye yüklərinin daşınması həyata keçirilir. Ekspertlər hücumun əsas məqsədinin məhz bu terminal və yük axınlarını hədəf almaq olduğunu bildirir.
Limanda fəaliyyət müvəqqəti dayandırılıb və yanğınların söndürülməsi üçün işlər davam edir. İnfrastrukturun zədələnməsi limanın logistika və tarif sistemində problemlərə səbəb ola bilər.
Cavid, BakuPost