İraq parlamenti ikinci tur səsvermədə Nizar Amidini yeni prezident seçib.
Bakupost.az xəbər verir ki, 329 yerlik parlamentdə 227 səs toplayan Amidi bu vəzifəyə seçilib. Səsvermədə ümumilikdə 229 deputat iştirak edib.
Məlumata görə, 2003-cü ildən sonra formalaşan siyasi sistemə əsasən prezident kürd partiyalarının namizədləri arasından seçilir. Bu seçkidə Kürdüstan Demokrat Partiyası Fuad Hüseynini, Kürdüstan Yurdsevərlər Birliyi isə Nizar Amidini namizəd göstərib.
17 namizədin iştirak etdiyi seçkidə Amidi qalib gəlib və parlamentdə and içərək səlahiyyətlərinin icrasına başlayıb.
İraq Konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti 4 ildir və o, yalnız bir dəfə yenidən seçilə bilər. Seçkidən sonra prezident 15 gün ərzində ən böyük blokun namizədini hökuməti formalaşdırmaq üçün təyin etməlidir.
Qeyd edək ki, İraqda parlament seçkisi 2025-ci il noyabrın 11-də keçirilib, lakin siyasi razılaşma əldə olunmadığından hökumət hələ də formalaşdırılmayıb.
Nizar Amidi daha əvvəl Kürdüstan Yurdsevərlər Birliyinin Bağdad ofisinə rəhbərlik edib, həmçinin prezidentin müşaviri və ətraf mühit naziri vəzifələrində çalışıb.