Ermənistanda bu gün müxalifətdə olan revanşist “Güclü Ermənistan” partiyasının mitinqi keçirilib.
Bakupost.az xəbər verir ki, hazırda ev dustaqlığında olan, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan tərəfdarlarının İrəvanın mərkəzində keçirdiyi mitinqdə videomüraciətlə çıxış edib.
Karapetyan çıxışında açıq şəkildə bildirib ki, Ermənistan Moskva ilə pozulmuş münasibətləri bərpa edəcək və Rusiya istiqamətində daha aktiv siyasət yürüdəcək.
O, həmçinin ordunun gücləndirilməsini əsas prioritetlərdən biri kimi təqdim edib. Onun sözlərinə görə, ölkədə “peşəkar şəkildə yenidən qurulmuş ordu”, güclü müdafiə sistemi və hava məkanının etibarlı qorunması təmin olunacaq.
Çıxışda diqqət çəkən məqamlardan biri də onun simvolik və ideoloji vurğuları olub. Karapetyan Ermənistan üçün “Ağrı dağı”nı xüsusi önəmli dəyər kimi təqdim edib ki, bu yanaşma regionda uzun illərdir davam edən ərazi iddiaları kontekstində qiymətləndirilir.
O, eyni zamanda Erməni Apostol Kilsəsinin rolunu ön plana çəkərək, onu “erməni kimliyinin və dövlətçiliyinin əsas dayaqlarından biri” kimi təqdim edib.