“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq”.
Bakupost.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, ilin ən yaxşı baş məşqçisi seçilməsinə münasibət bildirib:
“Jurnalistlərə mənə səs verdiklərinə görə təşəkkür edirəm. Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Həqiqətən, uğurlu bir yoldur. Məqsədimiz ÇL-in qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var.
Azərbaycana belə klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər futbol ictimaiyyəti üçün maraqlıdır.
Son vaxtlar riskli futbol oynayırıq. “Ayaks”la matçda komandamın fiziki göstəriciləri ən yuxarı olanlardan birincisi idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı. Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə oradakı tempi, sürəti görmürük. Çalışırıq ki, rəqiblərə aciz məğlub olmayaq. Avrokuboklarda cəsarətimizi daha da artırmışıq. Bu da futbolumuz üçün gələcəkdə əsas amillərdən biridir. Cəsarət, dözümlülük olmasa, istənilən səviyyəyə gəlib çatmarıq.
Mən əslində hər şeyi Vətən müharibəsinə bağlayıram. Həmin vaxt biz də səfərlərə gedirdik. Düşmənlərimiz gəlib stadiona girirdilər, amma bilmirdilər ki, sonda nə olacaq. Biz də istəyirik ki, kiçik işimizi möhkəmləndirək və sonda ayaq üstə dura bilək. Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur. Özümüz də kasıblıqla böyümüşük. Daim qələbə olsa, nə marağı olacaq? Kim acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir “təşəkkür edirəm”. Neqativ heç nə görməmişəmsə, xalqım haqda necə neqativ düşünə bilərəm? Həmişə xalqımla birlikdəyəm".
Qeyd edək ki, Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.