Son illər estetik əməliyyatlara maraq kəskin şəkildə artıb. Saç əkimi kişilər, botoks, dolğu, burun əməliyyatı, süni qaş çəkilməsi, üz gərmə, liposaksiya, sinə böyütmə və kiçiltmə, mədə kiçiltməsi, sonuncu qabırğanın götürülməsi kimi prosedurlar isə xanımlar arasında geniş yayılıb. Bu məsələdə ən böyük problem əməliyyatlardan sonra hər hansı (məsələn sinir iflici) fəsad yaranarsa, bu zaman geri dönüşün mümkün olmamasıdır.
Ancaq marağın artması ilə bərabər bu sahədə nəzarətin zəifləməsi ciddi problemlərə yol açır. Belə ki, saxta mütəxəssislərin, qanunsuz klinikaların sayı durmadan artır və bu da insanların sağlamlıqları üçün risklər yaranır. Bu problemlərə ucuz vasitələr və keyfiyyətsiz dərmanları əlavə etsək vəziyyətin acınacaqlılığı göz önünə sərilir.
Azərbaycanda son illərdə uğursuz plastik əməliyyatlarla bağlı çoxsaylı faktlar qeydə alınıb. Xüsusilə 2025-ci il ərzində baş verən ölüm halları bu problemin nə qədər ciddi olduğunu göstərir.
Belə ki, ötən ilin avqustunda Bakıda üç uşaq anası, 36 yaşlı məşhur kouç və
psixoloq Nilufər Abdulla “Etalon” hospitalda liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra
vəziyyəti ağırlaşmış və dünyasını dəyişmişdi.
Ötən ilin aprelində isə Bakıda
“MedAura” klinikasında rinoplastika əməliyyatı etdirən
34 yaşlı Nigar Budaqlı artıq bir ilə yaxındır yataq xəstəsidir. Hazırda vəziyyəti kritik olaraq qalır. Zərərçəkənin ailəsi bildirir ki, o əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində
kliniki ölüm vəziyyətinə düşüb.
Həmin ilin yanvarında isə “MedAura” klinikasında Fərizə Hacıyeva özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədovaya bədən şəkilləndirmə əməliyyatı etdirib. Bundan sonra qadının bədəni çürüməyə başlayıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin klinikada Nigar Məhəmmədovanın əməliyyat etdiyi
Günay Məmmədova və daha bir neçə pasiyentdə də ciddi zərər vurub. Hətta bəzi əməliyyatlar ölümlə nəticələnib. Sonuncu hadisə ötən ilin iyun ayında baş verib. Belə ki, N.Məhhəmədovanın “Mərcan” klinikasında əməliyyat etdiyi
37 yaşlı Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika liposaksiya əməliyyatından sonra
dünyasını dəyişib.
“Mərcan” klinikasına gəlincə isə bu xəstəxana səs-küylü ölüm halları ilə uzun müddətdir gündəmdədir.
2024-ci ilin dekabrında idman zalının həyətindən meyiti tapılan bloger Nərmin Bəylər qızı İsgəndərovanın da məhz "Mərcan Medicare" klinikasında əməliyyat olunduğu məlum olmuşdu.
Eyni klinikada baş verən digər hadisə isə 30 yaşlı
Nəzrin Mansurova ilə bağlıdır. O, yanvarın 3-də burun əməliyyatı olunub. Əməliyyatdan sonra beynində ağır fəsad yaranıb, komaya düşüb və süni tənəffüs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, komadan ayılmayan N.Mansurova dünyasını dəyişib.
Faciələrin tendensiyası təkcə Azərbaycanda deyil, qlobal miqyasda müşahidə olunur. Hətta vəziyyət o həddə çatıb ki, artıq bir çox ölkədə üzdə təbiilik və orijinallıq yenidən trendə çevrilib. Bununla belə insanlar yenə də bu prosedurlara maraq göstərirlər.
Estetik turizmin mərkəzlərindən sayılan Türkiyə və Cənubi Koreya bu sahədə xüsusi yer tutur. Əməliyyatların və tibbi xidmətlərin nisbətən ucuz olması, viza prosedurlarının asanlığı bu ölkələri cəlbedici edir. Türkiyədə əsasən saç əkimi və plastik əməliyyatlar, Cənubi Koreyada isə üz estetikası geniş yayılıb. Hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə insan bu məqsədlə həmin ölkələrə üz tutur.
Artıq Çin hökuməti ölkədə xüsusilə gənclər arasında sürətlə yayılan estetik əməliyyatlara marağın artması fonunda plastik cərrahiyyə sektoruna nəzarəti gücləndirib.
Qeyri-qanuni estetik prosedurların sayının artması və bunun ciddi fəsadlara yol açması hökuməti hərəkətə keçməyə vadar edib. Dövlət Şurasına bağlı bazar tənzimləmə qurumu bu ilin may ayından etibarən sosial şəbəkələrdə və internet saytlarında yayımlanan estetik cərrahiyyə reklamlarını xüsusi nəzarətə götürüb.
Çində “İnstagram”ın analoqu kimi istifadə edilən və “RedNote” adı ilə də tanınan “Xiaohongshu” platforması ötən ay estetik əməliyyatlarla bağlı qaydaları pozan 300 mindən çox hesabın bağlandığını açıqlayıb. Platforma rəhbərliyi eyni zamanda saxta estetik və kosmetik məhsulların yayılmasına qarşı ölkənin səkkiz regionunda polis orqanları ilə birgə əməliyyatlar aparıldığını bildirib.
Mövzu ilə bağlı Bakupost.az -a danışan sosioloq və psixoloq Naib Niftəliyev bildirib ki, insan özünü olduğu kimi bəyənməli, sevməli və qəbul etməlidir. Onun sözlərinə görə, müəyyən əməliyyatlarla nəyisə dəyişmək, özünü müəyyən bir obraza salmaq faktiki olaraq saxtakarlığın başqa bir formasıdır:
“Təbii ki, müəyyən müdaxilələr ola bilər. O halda ki, bu, fiziki məhdudiyyət və ya qüsur yaradır və onu tibbi müdaxilə ilə aradan qaldırmaq mümkündür. Məsələn, burun çəpər əyriliyi və ya insanın zahirində müəyyən qüsurlar varsa, əməliyyatla aradan qaldırıla bilərsə və bu, həyat üçün təhlükə yaratmırsa, başadüşülən, arzuedilən və qəbul ediləndir. Hətta bunu alqışlamaq da olar.
Bəzən isə bu əməliyyatları edənlər peşəkar olmurlar, onların günahı ucbatından ciddi fəsadlar yaranır və hətta həyatını itirən insanlar olur. Biz bununla bağlı çoxsaylı faktlarla qarşılaşmışıq. İnternetdə araşdırma aparsaq, son 3–4 il ərzində azı 50-yə yaxın fakt ortaya çıxar”.
N.Niftəliyevin sözlərinə görə, insanın zahirini dəyişməsi, dəfələrlə müdaxiləyə yol verməsi, kimlərəsə xoş gəlmək xətrinə müəyyən obrazlara girməsi süni davranış formasıdır:
“Ümumiyyətlə, bu, cəmiyyətdə ictimai qınağa səbəb olmalıdır. Amma təəssüf ki, bizdə ictimai qınaq yox, əksinə, ictimai rəğbətləndirmə daha çoxdur.
Xüsusən də xanımlar buna daha çox meyillidir. Onların özlərini gözəl görmək istəməsi başadüşüləndir. Amma özünə baxımlı olmaqla özünü süni obraza salmaq ayrı-ayrı məsələlərdir. Bu əməliyyatlar bahalıdır. Kiminsə buna imkanı çatır, kiminsə yox. Hətta bəzən insanlar bunu kreditlə etməyə çalışırlar ki, bu da başqa bir bəladır. İnsan öz təbii, doğuşdan gələn görünüşü və real davranışı ilə gözəldir və belə də qalmalıdır”.
Sosioloq vurğulayıb ki, qanunvericilikdə də bu məsələləri tənzimləyən addımlar atılmalıdır:
“Təəssüf ki, bizdə bu istiqamətdə mütəxəssislər məsələnin mahiyyətini bilsələr də, daha çox korporativ maraqlarla çıxış edirlər və bundan gəlir əldə etməyə çalışırlar. Buna görə də belə əməliyyatların məhdudlaşdırılması ilə bağlı təşəbbüslər irəli sürmək əvəzinə, əksinə, onları stimullaşdırırlar. Əslində isə həkimlərin bu davranışları qanuna, hüquqa və etikaya ziddir. Həkim etikası deyilən bir anlayış var. Həkim qarşısındakı insanı sağaltmalıdır. Təbii ki, bundan müəyyən gəlir əldə edə bilər, amma süni şəkildə əməliyyatların sayını artıraraq insanın cibinə girmək, son qəpiyini də əlindən almaq olmaz.
İnsan ilkin effekti gördükcə, obrazını dəyişdikcə daha maraqlanır, həvəsə gəlir və müəyyən motivasiya yaranır. Həkimlər də bəzən bu motivasiyadan istifadə edərək maksimum qazanc əldə etməyə çalışırlar. Hətta bunu obrazlı şəkildə “estetik əməliyyat mafiyası” adlandırmaq olar. Bu, faktiki olaraq mafioz və korporativ davranışdır. Burada artıq tibdən, sağlamlıqdan və insani dəyərlərdən söhbət gedə bilməz”.
Lalə Novruz,
BakuPost