Ru
16:59 / 16 Oktyabr 2025

Nəzrinin ölümü: Plastik cərrahın cəzasının ağırlaşdırılması tələb olunur -AÇIQLAMA

Nəzrinin ölümü: Plastik cərrahın cəzasının ağırlaşdırılması  tələb olunur -AÇIQLAMA
Eye

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a zərərçəkmişin vəkili Tural Musayev bildirib.

Onun sözlərinə görə, Sənan Mehdiyev barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib: "Onun cəzanı məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Bu, əslində qanunun tələbidir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsində göstərilir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətdə azadlıqdan məhrum etməyə məhkum olmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Yəni məhkəmə məntəqə tipli cəzaçəkmə müəssisəsindən başqa cəzaçəkmə müəssisəsi müəyyən edə bilməzdi".

Vəkil bildirib ki, Sənan Mehdiyevin barəsində irəli sürülmüş ittiham tam sübuta yetirilib və barəsində ittihamedici hökm çıxarılıb:

"Təyin olunmuş hökm cəza siyasətinə uyğun gəlmir. Təbii ki, cəzadan narazıyıq. Cəmi iki il müddətində cəza müəyyən olunub. Çox güman ki, hökmdən apellyasiya şikayəti veriləcək. Məntəqə tipli cəzaçəkmə müəssisəsində onun cəzasını çəkməyi qanunun tələbidir. Amma ona iki il müddətinin verilməsi və bu müddətdə onun islah olunub-olunmaması məsələsi mübahisəlidir.

Bildiyimiz kimi, həkim Sənan Mehdiyevin birinci dəfə deyil ki, Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə barəsində hökm oxunur. Birinci cəzadan sonra başa düşdüyümüz qədəri ilə o, islah olunmayıb. Əksinə, davranışlarında və cinayətdə iştirak rolu daha da artıb.

Sonuncu məhkəmə ona ən minimum cəza təyin edib. Əslində məhkəmənin cəza təyin edərkən humanist ədalət prinsiplərinə əsaslanması aydındır. Eyni zamanda həmin cinayət üçün müəyyən olunmuş cəza hədlərindən daha ciddi cəza növü seçilməli idi. Hökmlə müəyyən olunan cəza qanunvericiliyin, eyni zamanda Ali Məhkəmənin cəza ilə bağlı Plenum qərarına ziddir.

Cinayət Məcəlləsinin 58.1-ci maddəsində birbaşa göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Bu o deməkdir ki, birinci dəfə verilmiş hökm həkim Sənan Mehdiyevin islah olmasına yardım etməyib. İkinci dəfə şəxsin cinayətin törədilməsində rolu, cinayət törətdikdən sonra onun davranışı daha da ağırlaşıb, dəymiş zərərin ödənilməsi və zərərçəkmiş şəxslə barışıq olmayıb. Məhkəmə prosesdində heç bir yüngülləşdirici hal müəyyən edilməyib".

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Dövlət ittihamçısı Sahilə Mirişova Sənan Mehdiyevin 4 il 9 ay azadlıqdan məhrum edilməsini və 3 il həkimlik ixtisasından məhrum edilməsini istəmişdi.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar