Ru
17:33 / 20 Noyabr 2026

Qəbul imtahanlarının formatında dəyişiklik olacaq?

Qəbul imtahanlarının formatında dəyişiklik olacaq?
Eye

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad olunmasından sonra qurumun gələcək fəaliyyəti və qəbul imtahanları sistemində mümkün dəyişikliklər gündəmə gəlib.

Hazırda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları iki mərhələdə keçirilir və abituriyentlər maksimum 700 bal toplaya bilirlər. DİM-in açıqlamasına əsasən, 2027-ci ildə də qəbul imtahanlarının mövcud modeli saxlanılacaq.

Bəs gələcəkdə qəbul imtahanlarının formatında dəyişiklik ola bilərmi? Azərbaycanda uzun illərdir tətbiq edilən 700 ballıq qəbul sisteminin ləğvi mümkündürmü?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, DİM-də rəhbər dəyişikliyi qəbul imtahanlarının gələcəyi ilə bağlı müəyyən suallar doğursa da, hazırkı mərhələdə ciddi dəyişiklik gözləmək üçün əsas yoxdur:

Qəbul imtahanlarının formatında dəyişiklik olacaq? - AÇIQLAMA
“Dövlət İmtahan Mərkəzi artıq 2027-ci ildə də mövcud modelin saxlanılacağını açıqlayıb. Bu isə qərarın rəhbər dəyişikliyindən asılı olmadığını açıq şəkildə göstərir. Qəbul sistemi bir nəfərin deyil, qanunvericiliyin, təhsil siyasətinin və ictimai etimadın üzərində qurulub. Ona görə də yeni sədrin təyin olunmasından sonra 700 ballıq sistemin ləğv ediləcəyi ssenarisini real hesab etmirəm. Bu model illərdir tətbiq olunur. Abituriyentlər, valideynlər və məktəblər ona uyğunlaşıblar. Cəmiyyətdə sistemin obyektiv və şəffaf olduğuna inam formalaşıb. Belə bir inamı qazanmaq illər tələb edir, itirmək isə bir qərarla mümkündür”.

Ekspertin sözlərinə görə, mövcud sistemin saxlanılması onun təkmilləşdirilməsinə ehtiyac olmadığı anlamına gəlmir:

“Əsl müzakirə balın 700 olub-olmamasında deyil, həmin balın nəyi ölçməsindədir. Bu gün abituriyentlərin böyük hissəsi bilikdən daha çox test texnikasına, əzbərçiliyə və repetitor hazırlığına güvənir. Dünya təcrübəsi isə analitik və tənqidi düşüncənin, bilikləri tətbiqetmə bacarığının ölçülməsi istiqamətində inkişaf edir. Məktəbdə illərlə davam edən təhsilin qəbul nəticələrində demək olar ki, əks olunmaması da ciddi suallar doğurur. Bir neçə saatlıq imtahan 11 illik təhsilin nəticələrini nə dərəcədə əks etdirə bilər? Bundan başqa, kompüter əsaslı imtahanlar, daha çevik qiymətləndirmə mexanizmləri və abituriyentlərin üzərindəki psixoloji yükün azaldılması da gündəmdə olmalıdır”.

Ə.Həsənli vurğulayıb ki, qəbul sistemində mümkün dəyişikliklər əvvəlcədən elan edilməli və mərhələli şəkildə həyata keçirilməlidir: “Dəyişiklik olacaqsa, onun ən vacib şərti ədalət və əvvəlcədən məlumatlandırmadır. Şagird müəyyən formata hazırlaşır, ailə isə bu hazırlığa vaxt və müəyyən vəsait sərf edir. Yeni qaydalar ən azı bir neçə il əvvəl açıqlanmalı, əvvəlcə pilot layihə şəklində sınaqdan keçirilməli və mütləq ictimai müzakirəyə çıxarılmalıdır. Qəfil dəyişiklik repetitor asılılığını artıracaq, sosial bərabərsizliyi dərinləşdirəcək və ən əsası, abituriyentlərdə əlavə stress yaradacaq”. Təhsil eksperti hesab edir ki, qəbul sisteminin yenilənməsi zəruri olsa da, bu proses rəhbər dəyişikliyi ilə əlaqələndirilməməlidir: “Qəbul sisteminin yenilənməsinə ehtiyac var. Amma bu proses rəhbər dəyişikliyinin yaratdığı təəssürat əsasında deyil, ciddi təhlil və açıq ictimai müzakirə prinsipləri əsasında aparılmalıdır. Abituriyentlərin bu məsələdə əsas gözləntisi isə sadədir: formatından asılı olmayaraq, imtahan ədalətli və şəffaf keçirilməli, nəticələr onların hazırlıq səviyyəsini obyektiv şəkildə əks etdirməlidir”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar