Dünyanın ən varlı adamı olan İlon Mask bir milyon insanı Marsda məskunlaşdıra bilsə, CEO-su olduğu “SpaceX”dən alacağı nəhəng ödəniş paketi ilə tarixdə ilk dollar trilyonçusu olacaq.
Bakupost.az “Forbes”ə istinadən xəbər verir ki, hazırda 778 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı olan amerikalı sahibkar "Qırmızı Planet"də koloniya qurmaq arzusunu ən yüksək maliyyə pilləsinə çatdırıb.
Jurnal qeyd edir ki, qlobal istiləşmə ilə təhdid edilən bəşəriyyətin gələcəyini Marsda görən Maskın əsas məqsədi əslində sahibi olduğu “SpaceX”in ödəmə paketi ilə var-dövlətini daha da artırmaqdır.
“New York Post” yazır ki, “SpaceX”in direktorlar şurası Maska böyük məbləğdə ödəniş etmə qərarını təsdiqləyib. Ancaq bunun üçün Mask Marsda milyon nəfərlik insan koloniyası qurmalı, şirkətin bazar dəyərini 7,5 trilyon dollara çatdırmalıdır. Bunu bacarsa, ona "super səsvermə hüququ" və 200 milyard dollarlıq səhm veriləcək. Beləcə Mask nəinki “Marsın Fatehi”, həm də dünyanın ilk trilyonçusu olacaq.
Xatırladaq ki, noyabr ayında Maskın digər şirkəti “Tesla” da 1 trilyon dollarlıq oxşar ödəniş paketini təsdiqləmişdi.
Əsmər Şahməmmədova, BakuPost