"Media haqqında” Azərbaycan Respublikasının qanunu 8 fevral 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Müvafiq qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti fərmanı imzalanıb. Fərmandan irəli gələn məsələlərin həlli üçün Nazirlər Kabineti 24 fevral 2022-ci ildə sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Medianın İnkişafı Agentliyi media reyesterinin aparılması qaydaları layihəsini hazırılayıb təqdim etməlidir. Bəs, media reyesterinin Azərbaycan mediası üçün hansı əhəmiyyəti olacaq?
Məsələ ilə bağlı
əməkdar jurnalist, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Bakupost.az -a açıqlama verib.
Media mütəxəssisi qeyd edib ki, "Media haqqında” qanun Azərbaycan jurnalistikası və media mühitinə müəyyən sistemliliyin yaranmasına səbəb ola bilər:
“Qanunun müzakirəsi zamanı haqqında ən çox danışılan mövzu media reyesterilə ilə bağlı idi. Kifayət qədər ciddi polemiklar oldu. Təəssüf ki, mövzu bu və ya başqa formada manipulyasiya obyekti də oldu. Halbuki media reyesterinin aparılması beynəlxalq jurnalistikada tətbiq edilən bir praktikadır. Azərbaycanda da bunun tətbiq edilməsi öz müsbət töhfələrini verə bilər. Söhbət hansı töhfələrdən gedir? İlk növbədə qeyd etmək istərdik ki, media reyesterinin aparılması sağlam rəqabət mühitini formalaşdıracaq. Bu həm redaksiyalar, həm jurnalistlər arasında müəyyən bir rəqabətin yaranmasına gətirib çıxaracaq. Sağlam rəqabət olan yerdə isə həmişə inkişaf gözlənilir".
V.Zifəroğlu ikinci müsbət məqamın jurnalist və peşəkar media subyektlərinin statistikasının aparılması ilə bağlı olduğunu qeyd edib:
“Ümumiyyətlə, media reyesterinin formalaşdırılması Azərbaycan mediasında sistemli yanaşmanın tətbiqi kimi də qiymətləndirilə bilər. Bu gün istər peşəkar jurnalistlərin, istər peşəkar media qurumlarının sayı ilə bağlı kifayət qədər ziddiyyətli rəqəmlər səslənməkdədir”.
Media mütəxəssisi vurğulayıb ki, üçüncü məsələ hər birimiz üçün aktual olan “plagiat” və “copy paste” problemidir və bunun qarşısı alına bilər:
“Bildiyiniz kimi, media reyesterinə düşmək üçün istər media qurumu, istər jurnalistlərlə bağlı müəyyən tələblər irəli sürülür. Media quruluşları qarşısında irəli sürülən tələblərdən biri də orijinal xəbərlərin sayı ilə bağlıdır. Gündəlik orijinal xəbərlər və kontent təqdim edilməlidir. Bu, plagiat və “copy paste” kimi çox mənfi tendensiyaların qarşısını ala bilər”.
V. Zifəroğlu dördüncü mühüm məsələnin kontent rəngarəngliyi ilə bağlı olduğunu deyib:
“Burada xəbər bolluğundan, orijinal yazıların çoxluğundan, eksklüziv açıqlamalara daha çox rast gələ biləcəyimizdən söhbət gedir. Bu kimi məqamlar media reyesterinin Azərbaycanda media mühitinin inkişafına təkan verəcəyini ortaya qoyan başlıca amillər kimi qiymətləndirilə bilər”.
Fərid
Baku Post