Ru
16:07 / 09 Dekabr 2025

Mehdiyev-Kərimli tandemi - AXC döründən başlayan işbirliyi - DETALLAR

Mehdiyev-Kərimli tandemi - AXC döründən başlayan işbirliyi - DETALLAR
Eye

Bir müddət əvvəl AXCP sədri Əli Kərmlinin həbs olunması ilə "Ramiz Mehdiyev işi" ətrafında müzakirələr daha da artdı. Hazırda Mehdiyev-Kərimli əlaqələri əsas diqqət mərkəzindədir və demək olar ki, hər gün bu əlaqələrə dair yeni fikir və faktlar açıqlanır.

Ən son irəli sürülən iddialardan birinə görə isə Mehdiyev-Kərimli tandemi hələ AXC dövründən formalaşmağa başlayıb. Kifayət qədər araşdırılası məsələdir.

Çünki birincisi, hər iki şəxs həmin dövrdə aktiv siyasətlə məşğul olub. Ramiz Mehdiyev xalq hərəkatı başlayana qədər - 1974-cü ildən 1988-ci ilin mayına qədər Azərbaycan KP MK-də çalışıb. Həmin il MK katibliyindən gedəndən sonra Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub.

Əli Kərimli isə 1987-ci ildə Azərbaycan Dövlət Universitetində Hüquq fakültəsidə oxuyarkən Komsomol katibi, eyni zamanda sonradan siyasi proseslərdə ciddi rol oynayan "Yurd" İctimai Birliyinin yaradıcılarından biri olub.
Moskva ilə yaxın əlaqələri olan, lakin Mütəllibov-Vəzirov iqtidarında özünə yer edə bilməyən Ramiz Mehdiyev AXC dövründə AMEA-da çalışsa da, o, siyasətdən tam uzaqlaşmamışdı. Həm də həmin dördə elm, universitet, akademiya mühiti xeyli dərəcədə siyasiləşmişdi, ölkə, siyasi proseslərlə bağlı mühüm qərarların bir çoxu məhz bu məkanlarda veriliridi. Digər tərəfdən, sonrakı siyasi proseslər, AXC hakimiyyətinin süqutundan sonra Mehdiyevin karyerasının yüksəlişi də onun daim aktiv siyasətdə olduğunu təsdiq edir.

İkincisi, həmin dövrdə SSRİ DTK-sı ciddi-cəhdlə Xalq Cəbhəsinin içərisinə sızmağa çalışırdı və bununla bağlı indiyə qədər saysız-hesabsız adlar açıqlanıb. Hətta xalq hərəkatının, AXC-nin üzvü olan siyasi liderlər özləri belə dəfələrlə biri-birini "DTK agenti" olmaqda suçlayıblar. AXC dövründə DTK arxivlərinin açılması məsələsinin gündəmə gəlməsi, lakin elə AXC hakimiyyəti tərəfindən bunun qarşısının alınması da xeyli müəmmalı məsələdir. Çünki bu baş versəydi, yəqin ki, son 30 ildə Azərbaycan siyasətinin üzdə olan bir çox fiqurları siyasi səhnəni tərk etməli olardılar.

Sovet DTK-sının hansı üsullarla xalq hərəkatına sızmağa çalışması isə o qədər də sirli məsələ deyildi. Bunun üçün yalnız təhlükəsizlik sistemində olan əməkdaşlardan deyil, Moskvaya cani-könüldən bağlı olan siyasi fiqurlardan da istifadə olunurdu və Ramiz Mehdiyev də belələrindən idi. Bu baxımdan onun o zaman ölkənin aparıcı siyasi qüvvəsi olan AXC ilə əlaqə yaratmağa çalışmaması təəccüblü olardı. Məhz buna görə də 90-ci illərin sonundan intensivləşən Mehdiyev-Kərimli əlaqələrinin ilkin təməllərinin hələ o zaman atıldığı istisna oluna bilməz.
AXC hakimiyyəti süqut etdikdən və Elçibəy Kələkiyə getdikdən, daha dəqiq desək, Ramiz Mehdiyev Prezident Aparatına rəhbər təyin olunduqdan sonra Kərimlinin o qədər də müqavimət göstərmədən hakimiyyətlə əməkdaşlığa getməsi də gizli əlaqələrin daha əvvəl yarandığı ehtimalını gücləndirir.

Artıq 95-ci ildən başlayaraq Kərimlinin Mehdiyevdən aldığı dəstək sayəsində həm AXCP daxilində, həm də bütövlükdə müxalif cameədə gücü artırdı. 90-ların sonunda partiya daxilində qarşıdurma pik həddə çatmışdı. Kərimli öz lideri Elçibəyin qərarlarına qarşı çıxır, əl altdan onu nüfuzdan salamağa, partiyaya rəhbərliyi tamamilə ələ keçirməyə çalışırdı. Mehdiyevdən aldığı dəstək sayəsində artıq o, Elçibəyi tədric vəziyyətinə gətirmişdi, xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşə özü gedirdi. O zaman Əli Kərimlinin təbliğatına onlarla qəzet cəlb olunmuşdu, onun "yurdçu"ları yalnız bu qəzetlərə deyil, hətta hakimiyyətin nəzarətində olan bəzi telekanallara belə yerləşdirilmişdi. Bütün bunlar isə şübhəsiz ki, gücli siyasi dəstək və xeyli maliyyə tələb edirdi ki, bunlar da Ramiz Mehdyiev tərəfindən təmin olunurdu.

Vaxtilə türkiyəli jurnalist İrfan Sapmazın Azərbaycanda təsis etdiyi "Avrasiya" qəzetində çalışan bir həmkarımızın söylədikləri bu durumu çılpaqlığı ilə əks etdirir. Onun sözlərinə görə, 1998-ci ildə həmin qəzetdə AXCP daxilində baş verənlərdən, Əli Kərimlinin partiyaya rəhbərliyi ələ keçirmək cəhdlərindən bəhs edən yazısı dərc olunub. Yazıdan bir gün sonra xəbər tutan İrfan Sapmaz onu çağıraraq, "burada Əli Kərimlinin əleyhinə yazmaq olmaz, bunu yuxarıdan Ramiz Mehdiyev tapşırıb" deyib. Bu söhbətə görə "Avrasiya"dakı işindən ayrılan həmkarımızın sözlərinə görə, iki ay sonra İrfan Sapmaz bütün kollektivi istefaya göndərib, ardınca Əli Kərimlinin "sağ əli" sayılan Qənimat Zahid "yurdçu jurnalistlər"dən ibarət komandası ilə "Avrasiya"ya baş redaktor gəlib...
Hazırda "Mehdiyev işi" ilə bağlı açıqlanan məqamlar Mehdiyev-Kərimli tandeminin 2000-2019-cu illərdə də birgə hərəkət etdiyini göstərir. Son olaraq Kərimli cameəsinin, eləcə də xaricdəki bir çox blogerlərin Ramiz Mehdiyevin həbsinə isterik reaksiyasının da məhz elə illərlə davam edən gizli sədaqətdən qaynaqlandığı artıq yeni fikir deyil...

Bu illər ərzində "boz kardinal" Kərimli ilə əlaqələrini "müxalifəti üz-üzə qoyumaq", "müxalif blokları parçalamaq" kimi sözlərlə pərdələyirdisə, Kərimli eyni əlaqələri "şər, böhtan", "hakimiyyətin növbəti oyunu" və s. kimi ibarələrlə danırdı. Ancaq xeyli vaxtdır, necə deyərlər "kələfin ucu" açılmağa başlayıb və yəqin ki, bizi qarşıda Mehdiyev-Kərimli tandeminin fəaliyyətinə dair yeni-yeni "sürprizlər" gözləyir...

Zaur, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar