"Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və digərlərinin hazırda cəlb edildikləri cinayət məsuliyyəti ilə bağlı artıq ortada faktlar var. Çünki onlar Cinayət Məcəlləsinin çox ağır maddələri ilə istintaqa cəlb ediliblər. Sözsüz ki, dövlətin xüsusi xidmət orqanlarının əlində əsaslı sübutlar var. Əsaslı sübutlar olmadan belə müddəalar, maddələrlə insanları məsuliyyətə cəlb etmək olmaz".
Bakupost.az “Teleqraf”a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
“İllərlə dövlət aparatında işləyəsən və nəticədə dövlətə xəyanət edəsən! Bunun adı yoxdur. Ona görə də Əli Kərimlisi, Ramiz Mehdiyevi və başqa kim olur-olsun Azərbaycan dövlətçiliyinə kim əl uzadacaqsa, qanunun ən sərt qaydaları ilə cəzasını alacaq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycanda toxunulmaz insan yoxdur”, - deyə o qeyd edib.
Sədr müavini bildirib ki, kim hansı cinayəti törədibsə, qanun qarşısında cavab verməlidir: “Ramiz Mehdiyevə bu qədər etimad göstərilmişdi. Nəticədə öz xislətini ortaya qoydu. Hakimiyyətə gəlməyin sivil yolları var. Bu cinayət yolu, hakimiyyəti qəsb etmək, dövlət çevrilişi etməklə mümkün deyil. Azərbaycan hüquqi-demokratik dövlətdir. Hakimiyyətə gəlmək istəyən seçkilərdə iştirak etməlidir. Faktiki olaraq, AXCP sədri Əli Kərimli bir dəfə də olsun prezident seçkilərində iştirak etməyib. Çünki o dəqiq bilir ki, sosial dayağı yoxdur. Ona görə də bu cür cinayət əməllərinə əl atır”.
Ziyafət Əsgərova görə, Prezident Administrasiyasının keçmiş rəhbərinin gedib belə bir adamla yəni, Əli Kərimli ilə “iş qurması”, “iş birliyinə” getməsinin adı yoxdur: “Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin bizə əmanətdir və bu əmanətə kim qəsd edəcəksə, öz cəzasını alacaq. Kim qanunsuz olaraq hakimiyyətə gəlmək istəyirsə, aqibəti də belə olmalıdır. Bu dövləti hamı göz bəbəyi kimi qorumalıdır. 90-cı illərdə biz bu təlatümləri görmüşük, artıq yetər. Zamanında ulu öndər Heydər Əliyev, daha sonra Prezident İlham Əliyev, Ramiz Mehdiyev sənə böyük etimad göstərib. Sən də axırda belə bir əmələ əl atırsan? Bu nə deməkdir? Ona görə də qanunun ən sərt üzü ilə bu cür insanlar öz cəzasını almalıdır”.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli Azərbaycanda dövlətə xəyanətdə ittihamı həbs edilib, Ramiz Mehdiyev barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.