İran Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanan regional müdafiə paktının Tehranın müttəfiqlərinə qarşı yönəlməməli olduğunu bildirib.
Bakupost.az xəbər verir ki, İranın mühafizəkar qəzeti "Kayhan"ın məlumatına görə, Məkkə Müdafiə Sazişi çərçivəsində iranyönlü silahlı qruplara qarşı yönəlmiş hər hansı bir hərəkət İran İslam Respublikasının reaksiyasına səbəb olacaq.
Mühafizəkar məqalələrilə seçilən qəzet bəyan edib ki, müqavimət oxuna qarşı hər hansı bir hərəkət qəti cavabla qarşılanacaq.
Qeyd edək ki, keçən həftə sonu Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanan hərbi pakt yalnız müdafiə xarakteri daşıyır. Yalnız bu 3 ölkədən hər hansı birinə kənardan müdaxilə olarsa, paktı imzalayan digər ölkələr ona dəstək olmağı öhdələrinə götürüblər.
Belə olan halda, Tehran bundan əndişələnməsi bir qədər təəccüb doğurur.
Siyasi şərhçi Azər Qasımov
Bakupost.az-a bildirib ki, Tehran Yaxın Şərq regionunda zəiflədiyini anlayır:
“Aldığı zərbələrdən sonra dirçəlmək ehtimalının olmadığını da başa düşür. Əlində olan müqavimət oxu prinsiplərinin də sonu gəldiyini görür. İranda üç ölkə arasında bağlanmış Məkkə Müdafiə Sazişinin İrana qarşı olduğunu hesab edən dairələr vardır. Amma Türkiyə və Pakistanın ABŞ ilə müharibədən İranın qismən ayaqda qalmasını təmin etdiyini etiraf edən İran rəsmiləri də var”.
Ekspertin fikrincə, görünən odur ki, İran hələlik tam şəkildə müqavimət oxu siyasətindən əl çəkməyərək, onun davam etdirilməsi fikrindədir:
“Amma bu siyasətin digər ölkələrin təhlükəsizliyi üçün təhlükə olduğu gerçəyini anlamır. Səudiyyə Ərəbistanının Husilərə qarşı əməliyyat planları da bu qəbildəndir. İran anlamalıdır ki, Türkiyə və Pakistan nə qədər ona dəstək versələr də, bu, daimi deyildir. İndiki siyasətin davamı strateji qırılmaya gətirib çıxara bilər. Bağlanmış saziş buna əsas yaradır”.
Rüfət Sultan,
BakuPost