Ru
16:46 / 08 Fevral 2026

Məktəbdəki güllələnmə ilə bağlı YENİ VERSİYA: O yaşda oğlanların çoxu gənc müəllimələrə…

Məktəbdəki güllələnmə ilə bağlı YENİ VERSİYA: O yaşda oğlanların çoxu gənc müəllimələrə…
Eye

Nə gizlədim: məlum məşum hadisə elə lap əvvəldən mənim üçün şagirdin müəllimi yox, gənc oğlanın gənc qızı güllələməsi hadisəsidir. Biz sosial-ictimai prizmalardan baxanda “müəllim”, “şagird”, “uşaq” kimi rollar görürük, amma bu fasadın arxasında əks cinsdən olan iki gənc bioloji orqanizm var. Və kriminal süjetin əsasən həmin fasadın arxasında inkişaf etməsi fikri lap əvvəldən mənə daha inandırıcı görünür.


Heç nə iddia etmirəm. Bildiyim odur ki, bizim nə ad qoymağımızdan asılı olmayaraq, 10-cu sinif şagirdi uşaq deyil. Hormonların qaynayan, orqanizmin əks cinsi, yeni hissləri kəşf etmək üçün bütün risklərə, təhlükələrə, yasaqlara baş vurmağa hazır olan vaxtıdır. O yaşda oğlanların çoxu gənc müəllimələrinə qeyri-pedaqoji maraq göstərirlər. Xüsuslə də gənc müəllimə eyni zamanda gözəldirsə, yuxarı sinif oğlanlarının pıçıltıların mövzusu olmaması mümkün deyil. Haradan bilirəm? Çox sadə: Mən də oralardan keçib gəlmişəm, özü də təlim-tərbiyənin çox sərt, əxlaqi dəyərlərin mühafizəkar vaxtlarında. İndi yəqin, zamanın ruhuna uyğun olaraq, hər şey daha liberaldır.

Heç nə iddia etmirəm. Amma beynimdə ilk saniyələrdən dolaşan bu fikirlə təkbətək qalmamaq üçün gənc yaşlarında yuxarı siniflərə dərs demiş 3-4 tanış müəllimənin fikrini soruşdum. Hamısı təxminən eyni şeyi dedi: Yuxarı siniflərdə oxuyan oğlanların gənc və gözəl müəllimələrə vurulması halları az olmur və onlar bunu normal ifadə edə bilmədikləri üçün ən ağlagəlməz, bəzən aqressiv şəkillərdə davrana bilirlər.

Yenə də heç nə iddia etmirəm, amma səbəb həqiqətən bu ola bilərmi? Əgər budursa, biz nə etməli, necə davranmalıyıq? “Ayıbdır” deyə əsl səbəbi gizlədib, ağ saplarla yamanmış ehtimallar irəli sürməli, yoxsa, “ana-bacı” söhbətlərini qırağa qoyub, belə bir problemli vəziyyətin həqiqətən olduğunu etiraf etməliyik? Mən ikincinin tərəfdarıyam. Çünki reallığa verilən təriflərin birində deyilir ki, “Reallıq – sizin ona münasibətinizdən asılı olmayaraq, dəyişməyən şeydir”.

Bzən düşünürəm: Niyə biz hadisənin haqqında heç nə bilmirik? Bildiyimiz görün, nələrdir:
• Məktəbdə təhsil haqları çox yüksəkmiş!..
• Məktəbin binasını filankəs bəhmənkəsə icarəyə veribmiş!..
• Oğlanın atası JEK müdirinin müavini işləyibmiş...
Xub, bildik, amma hadisə niyə baş verib, hadisə? 27 yaşlı zərif bir qız 16 yaşlı oğlana nə edə bilərdi ki, oğlanın onu güllələyəcək dərəcədə beyni dönsün? Hansı versiyalar var? Heç nə! Oğlanın oynadığı oyunda ona müəlliməni gülləlmək tapşırığı verilibmiş... Are you f**king serious?!

Hələ də heç nə iddia etmirəm. Amma bir anlıq fikirləşin: Azərbaycanlı gənc ən çox nəyə, hansı fikrə, hansı hissə, hansı ehtimala görə qadının həyatına qəsd etməyə hazır olur? Mənə elə gəlir ki, biz bu məşum hadisəni müəllim-şagird münasibətləri çərçivəsindən çıxarıb, iki gəncin arasındakı insident kimi baxsaq, hər şey başqa cür görünəcək. Bunu məlum səbəblərdən etmək istəmirik. Amma məlun hadisə baş verən yerdə məlum səbəbləri arxa plana keçirməkdən başqa yol qalımır. Ona görə, faciəyə bioloji məntiqlə baxmaq da lazım gələcək.

Müəlliməsinə vurulan uşağın faciəsi azərbaycanlı təfəkkürü üçün yeni deyil: Ramiz Rövşən “Süd dişinin ağrısı” poemasında bunu dəhşətli ustalıqla işləyib. Amma həmin poemadakı Səməd uşaq idi və düşdüyü ruh halı həm də ailə vəziyyətindən doğurdu. Yeni kriminal dramın “qəhrəman”ının haqqında isə hələlik bircə onu deyə bilərik ki, uşaq deyil. Qalanların səsi sonra çıxacaq.

Vüsal Məmmədov
AzVision.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar