"Məmməd Araz bu yazıya qurban getdi..." - Sabir Rüstəmxanlı söhbətləri - VİDEO
649
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Bakupost TV”-də müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışını xalq şairi Məmməd Arazla bağlı xatirələrinə həsr edib.
O bildirib ki, tanışlıqları təsadüfən baş tutsa da, bu münasibət Məmməd Arazın ömrünün sonuna qədər davam edən bir dostluğa çevrilib.
“Mənə hədiyyə etdiyi kitablarından sonra onun şeirlərinin gücünə heyran qaldım, sevdim və istedadını yüksək qiymətləndirdim”,- S.Rüsdtəmxanlı qeyd edib.
Xalq şairi həmin dövrdə Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram kimi şairlərin ilk və yaxud ikinci kitablarının təqdimat mərasimlərinin keçirildiyindən bəhs edib.Onun sözlərinə görə, təqdimatlardan biri Nizami muzeyinin altındakı kitab dükanında keçirilib:
“Dərsdən çıxıb tələsik ora getdim, amma artıq kitab imzalanması başa çatmışdı. Bir az pərt oldum, çünki istəyirdim imzalı kitablar alım. Pəncərənin qabağında dayanıb həyətdəki sərv ağaclarına baxırdım. Birdən qoluma kimsə girdi. Çevrilib baxdım, tanımadım. Soruşdu ki, niyə fikirlisən? Dedim, bir az pərt oldum. Dedi, niyə pərt oldun? Dedim, gəlmişdim şairlərdən imzalı kitab almağa, amma gecikmişəm. O isə gülümsəyib dedi ki, gecikməmisən, gəl, mən sənə kitab verim. Adımı soruşdu və kitabın üzərinə yazdı: Böyük Sabirin nəvəsi gənc Sabirə böyük ümidlərlə”.
Sabir Rüstəmxanlı qeyd edib ki, həmin kitab bu gün də onun kitabxanasında saxlanılır:
“Bu, Məmməd Arazın “Mən səni taparam” adlı ikinci kitabı idi. Cibdə pasport kimi daşıya biləcəyin ölçüdə idi. Altında “Məmməd İbrahim” yazılmışdı. O vaxt hələ “Məmməd Araz” deyildi, Məmməd İbrahim idi. Bu hadisə birinci kursda oxuduğum dövrlərin sonlarında baş verib. O zaman yay tətili başladı, kəndə getdim, oradan da yaylağa yollandım. Ətrafımda yaşlı qonşular, anam vardı, amma yaşıdım yox idi. Həmin kitab mənim ən yaxın dostuma çevrildi. Məmməd İbrahim o yay mənim həmsöhbətim oldu. Kitabın demək olar ki, bütün şeirlərini əzbər bilirdim. O vaxt yaddaşım da çox güclü idi”.