“Müharibə başlayacağı təqdirdə İranın Körfəz ölkələrindəki ABŞ-ın hərbi bazalarına raket zərbələri endirəcəyi gözlənilən idi. Ancaq İran yalnız Körfəz ölkələrindəki ABŞ-ın hərbi bazalarına zərbələr endirmir, raketlər və pilotsuz uçuş aparatları (PUA) həmin ölkələrin neft və qaz mərkəzlərinə də tuşlanıb. Bu isə İranı İsrail və ABŞ-la yanaşı ərəb ölkələri ilə də üz-üzə qoyur. Təsadüfi deyil ki, Qətər İranın zərbələrinə cavab olaraq bu ölkənin hərbi mərkəzlərindən birinə zərbə endirib. İran ötən dəfə 12 günlük müharibə zamanı da Qətər ərazisinə zərbə endirmişdi. Qətər İranla münasibətləri gərginləşdirməmək üçün cavab zərbəsi endirmədi. Bu dəfə isə vəziyyət fərqlidir. Çünki, Qətər bu dəfə də raket zərbəsini cavabsız qoysaydı, bu həmin dövlətin imicinə xələl gətirəcəkdi”.
BakuPost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib.
E.Şahinoğlu bildirib ki, Səudiyyə Ərəbistanı da eyni vəziyyətdədir. ““Washington Post” qəzetinin iddiasına görə, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Vaşinqtonun İrana hücumunu gizli şəkildə dəstəkləyib. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı müharibədə tərəf deyil. Ancaq İran hazırda Səudiyyə Ərəbistanını da hədəf alıb. İran Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endirib. Raket zərbəsi nəticəsində Səudiyyə Ərəbistanının ən böyük ARAMCO neft emalı zavodunda yanğın olub. Səudiyyə Ərəbistanı İranın raket hücumlarını şiddətlə qınayıb. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Körfəz ölkələrinin suverenliyinin açıq şəkildə pozulması ən sərt şəkildə pislənilib. Krallıq qardaş ölkələrlə tam həmrəy olduğunu, onların yanında dayandığını və qəbul edəcəkləri bütün tədbirlərin həyata keçirilməsində bütün imkanlarını səfərbər etməyə hazır olduğunu açıqlayıb. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə raket və PUA zərbələri endirməkdə davam edərsə, İrana cavab zərbələri endiriləcək. Səudiyyə Ərəbistanı qərar verməyə tələsmir. Çünki, İrana zərbələr Səudiyyə Ərəbistanının İsraillə eyni mövqedə dayandığı görüntüsü yaradacaq. Ər-Riyad bundan çəkinir. Ancaq İranın zərbələrini cavabsız qoymaq da mümkün olmayacaq. İranın zərbələrinə ancaq bəyanatla cavab vermək Səudiyyə Ərəbistanının imicinə mənfi təsir edəcək”.
Politoloq qeyd edib ki, İranın Körfəz ölkələrinə raket zərbələri Türkiyəni də narahat edir: “Türkiyə hakimiyyəti, müxtəlif siyasi partiyalar və cəmiyyəti daima İsrailin siyasətini sərt tənqid edirlər və onlar İrana qarşı müharibənin əleyhinədirlər. Ancaq İranın ərəb ölkələrini hədəf alması da Türkiyədə narazılığının artmasına səbəb olub. Çünki, Körfəz ölkələri Türkiyənin tərəfdaşlarıdır və Ankara tərəfdaşlarının təhlükə ilə üzləşmələrini istəmir. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan son müsahibəsində İranın “mən batıramsa, qoy bütün bölgə batsın” strategiyasının yanlış olduğunu söyləyib. Azərbaycan üçün də İranın Körfəz ölkələrini hədəf seçməsi qəbuledilməzdir. Bu arada, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Körfəz ölkələrinin xarici işlər nazirləri ilə telefonla danışıb. Telefon danışıqlarında bölgədə artan gərginlik müzakirə olunub”.
Cavid, BakuPost