İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb.
"Bakupost" ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib.
"İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib", - deyə general bildirib.
SEPAH rəsmisinin sözlərinə görə, İran mövcud təhdidlərə cavab vermək imkanlarını praktikada nümayiş etdirəcək və asimmetrik müharibə şəraitində düşmənə heç gözləmədiyi yerdən zərbə endirmək qabiliyyətinə malikdir.
Hərbi ekspert İbrahim Rüstəmli
“Bakupost”a bildirib ki, Tehranın raketlərin mənzilləmə limitilə bağlı verdiyi qərar ilk növbədə İranın özünü müdafiə etmək cəhdinin bir nümunəsi kimi qəbul olunmalıdır:
“Yəni İran bununla ilk növbədə özünü müdafiə etməyə qadir olduğunu göstərmək istəyir. Hərbdə isə özünümüdafiə etmək geniş anlayışdır. Bu anlayış, həm də hücuma keçmək, düşmənin üzərinə yerimək kimi də başa düşülə bilər. İran bununla bəyan edir ki, öz raketlərinin mənzilləmə limitini artırmaqla istədiyi hədəfi, xüsusilə də strateji xarakterli obyektləri vurmaq imkanlarını reallaşdıra bilər”.
Müsahibimizin sözlərinə görə, bütün bu açıqlamalar soyuq müharibə cəbhəsi üçün xarakterikdir:
“Yəni İran atəş açmadan, hansısa odlu silahdan istifadə etmədən, öz gücünün sərgilənməsi prosesini həyata keçirir”.
Ekspert qeyd edir ki, səslənən fikir heç də söz oyunu deyil, müharibənin əlifbası, girişidir:
“İran bununla əslində öz imkanlarını, hərbi potensialını ortaya qoyur. Bu giriş də öz növbəsində sonrakı mətnlərin süjet xəttini müəyyənləşdirəcək. Bununla, Tehran bəyan edir ki, ona qarşı təhdid olarsa, artıq öz fəaliyyətlərinin süjet xəttini dəyişəcəklər. Bu dəyişmə də təbii ki, İran üçün yeni üstünlüklər yarada bilər. Amma həmin üstünlüyün Tehrana hansı itkilər bahasına başa gələcəyi isə artıq başqa söhbət mövzusudur. Unutmayaq ki, təsir əks təsirə bərabərdir”.
Rüfət Sultan,
BakuPost