Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü keçirilib. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə görüşdə iştirak etmək üçün ölkədə səfərdə olub.
Tədbirdə çıxış edən prezident ölkəmizin Mərkəzi Asiya ilə strateji əməkdaşlıq imkanlarını, Orta Dəhlizin inkişafını və regionda nəqliyyat-logistika layihələrini diqqətə çatdırıb. Ölkə başçısı son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımaların 90 faiz artdığı, gediş vaxtlarının xeyli dərəcədə azaldığını bildirib. Onun sözlərinə görə, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib.
Görüş çərçivəsində Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olması barədə qərar qəbul olunub.
Mövzu ilə bağlı
Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, faktiki olaraq Mərkəzi Asiya və Azərbaycan vahid siyasi, mədəni məkandır:
“Son dövrlərdə iqtisadi və diplomatik sahədə birlik də geniş xarakter alıb. Azərbaycanın Mərkəzi Asiya dövlətləri birliyinə bərabərhüquqlu üzv kimi qəbul edilməsi həm həmin ölkələrin imkanlarını genişləndirir, həm də Azərbaycanın əməkdaşlıq coğrafiyasında yeni sərhədlər açır. Tərəflər vahid siyasi mövqedən çıxış edir, regionda təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir, bir-birini iqtisadi cəhətdən tamamlayır və dünyaya əməkdaşlığın real formasını nümunə göstərirlər. Cənab prezidentimizin şəxsi nüfuzu, onun region liderləri ilə dostluq münasibətləri də burada böyük rol oynayır. Hesab edirəm ki, bundan sonra bu əməkdaşlıq daha da dərinləşəcək və 6 ölkənin hər biri bu birlikdən sözün əsl mənasında faydalanacaq”.

Millət vəkili Elçin Mirzəbəyli isə
Bakupost.az -a bildirib ki, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı və Azərbaycanın tamhüquqlu üzv kimi bu formata qəbul olunması regionun siyasi nizamında yeni mərhələnin başlanğıcıdır:

“Bu addım sadəcə təşkilati və ya protokol xarakterli qərar deyil, Azərbaycanın Vətən müharibəsindən sonra formalaşdırdığı və ardıcıl şəkildə həyata keçirdiyi gələcəyə hesablanmış siyasi kursun məntiqi davamıdır. Mərkəzi Asiya dövlətlərinin belə bir qərara gəlməsi ölkəmizin artan nüfuzunu, regional proseslərdə oynadığı mühüm rolu və geosiyasi əhəmiyyətini təsdiqləyir.
Mərkəzi Asiya uzun illər xarici təsirlərin toqquşma meydanı, regional rəqabətin sərt təzahürləri və sərhəd problemlərinin məngənəsi içində qalmışdı. Lakin son illərin reallıqları göstərir ki, region yeni siyasi intibah dövrünə qədəm qoyub. Özbəkistanın açıq siyasət kursu, Qazaxıstanın regional koordinasiya rolu, Türkmənistanın konstruktiv neytrallığı Mərkəzi Asiyanı sabit və əməkdaşlığa açıq məkana çevirir. Bu dəyişikliklərin fonunda Azərbaycanın rolu daha da artır və o, region üçün strateji tərəfdaş statusunu möhkəmləndirir".
E.Mirzəbəylinin fikrincə, Azərbaycanın Məşvərət Şurasına tamhüquqlu üzvlüyü bir neçə əsas istiqamət üzrə ciddi əhəmiyyət daşıyır:
"İlk növbədə, bu addım regionun geosiyasi balansını gücləndirir. Azərbaycan həm Türkiyə ilə birlikdə türk dünyasının siyasi koordinasiyasının mərkəzində dayanır, həm də Avropa İttifaqı, Çin və digər qlobal güclərlə əməkdaşlıqda mühüm körpü rolunu oynayır. İkincisi, Orta Dəhliz çərçivəsində Azərbaycanın əvəzolunmaz logistika həlqəsi olması Mərkəzi Asiya üçün iqtisadi və strateji alternativsiz marşrut yaradır. Bakı–Tbilisi–Qars xətti, Bakı Limanı və yeni yaradılan nəqliyyat infrastrukturu Mərkəzi Asiya ölkələri üçün qlobal ticarətə çıxışı xeyli asanlaşdırır.
Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan region üçün vacib tərəfdaşdır. Mövcud enerji kəmərləri və perspektiv layihələr Mərkəzi Asiya qazı və neftinin Avropa bazarlarına çıxışını təmin edən ən real və təhlükəsiz istiqamətdir. Bu, həm region dövlətlərinin gəlirlərini artırır, həm də Azərbaycanın uzunmüddətli strateji mövqeyini gücləndirir.
Bu addım Mərkəzi Asiya ölkələrinə çoxşaxəli dividendlər qazandırır. Avropaya çıxış imkanlarının genişlənməsi, təhlükəsizlik sahəsində daha effektiv koordinasiya, nəqliyyat xərclərinin azalması, türk dünyası ilə əlaqələrin dərinləşməsi bu faydalar sırasında xüsusi önəm daşıyır. Azərbaycan üçün isə yeni iqtisadi bazarların açılması, tranzit gəlirlərinin artması, regional liderlik statusunun möhkəmlənməsi və diplomatik nüfuzun yüksəlməsi əsas nəticələrdəndir.
Nəticə etibarilə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması Avrasiya məkanında gedən proseslərin məntiqinə tam uyğun olan, regionun gələcəyinə hesablanmış strateji qərardır. Bu, həm Mərkəzi Asiyanın dəyişən reallıqlarını idarə etməyə, həm də Azərbaycanın regional və qlobal siyasətdə daha güclü mövqe qazanmasına xidmət edir. Yeni mərhələ Avrasiyada əməkdaşlıq xəritəsini yenidən formalaşdırır və bu xəritənin mərkəzində Azərbaycan dayanır”.
Millət vəkili Tahir Mirkişili
Bakupost.az -a açıqlamasında bildirib ki, Mərkəzi Asiyanın beş dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan – uzun illərdir C5 formatında regional dialoq aparır:
“Son on ildə bu formatın üzərinə “+1” komponenti əlavə olunaraq ABŞ, Aİ, Yaponiya kimi böyük oyunçularla C5+1 modelləri formalaşıb. İndi isə həmin arxitektura faktiki olaraq yeni bir element qazanır: Azərbaycan. Bu yeni konfiqurasiya – şərti olaraq “C5+Azərbaycan” və ya “C6” adlandıra biləcəyimiz yanaşma – Bakını təkcə nəqliyyat xəritəsində tranzit nöqtəsi kimi deyil, Cənubi Qafqaz–Mərkəzi Asiya–Avropa üçbucağının geoiqtisadi “oyun qurucusu” kimi mövqeləndirmək potensialına malikdir. Məsələ artıq sadəcə diplomatik jestlərdən yox, Orta Dəhliz, TRIPP/Zəngəzur dəhlizi, data mübadiləsi, enerji və qeyri-neft ixracı üzrə çoxillik real gündəmdən gedir
.
C5+1-dən C5+Azərbaycan-a keçidlə yaranan yeni regional konfiqurasiya mühüm yeniliklər vəd edir. C5+1 platforması ilk illərdə daha çox siyasi dialoq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi klassik mövzuları əhatə edirdi. Sonrakı mərhələdə isə ticarət və investisiyalar, enerji təhlükəsizliyi və yaşıl keçid, nəqliyyat və logistik zəncirlərin şaxələndirilməsi, texnoloji əməkdaşlıq və insan kapitalı bu formatın əsas sütunlarına çevrildi.
Azərbaycanın bu məntiqlə C5+1 əməkdaşlıq formatına daxil olması əslində üç paralel xətti birləşdirir. Birincisi, C5 + Azərbaycan – Xəzərin iki sahilini vahid iqtisadi və nəqliyyat məkanına çevirən regiondaxili platforma olacaq. İkincisi, C5 + Azərbaycan + ABŞ/Aİ – böyük güclərlə artıq tək-tək deyil, blok+hub modelində dialoq forması vəd edir. Və üçüncüsü, C5 + Azərbaycan + Türk Dövlətləri Təşkilatı və Orta Dəhliz – türk coğrafiyasında şaxələnmiş inteqrasiya xəttini təşkil edəcəkdir.
Beləliklə, Bakı yalnız “dəvət edilən qonaq” deyil, C5+1 məntiqini Xəzərin qərb sahilinə keçirən əsas qovşaq rolunu oynamağa başlayır. Azərbaycan bu formata qoşulmur, bu format genişləndirir.
Digər mühüm bi məqam Orta Dəhliz kimi artıq rəqabətli tranzit məkanında Azərbaycanın “core hub” potensialının reallşması ilə bağlıdır. Geoiqtisadi kontekstdın baxdıqda Şərq və Qərb arasında üç dəhliz üzərində mühüm rəqabət gedir".
Millət vəkilinin sözlərinə görə, hazırda Avrasiya geoiqtisadiyyatında üç əsas quru marşrut sistemi mövcuddur:
"Şimal dəhlizi – Rusiya üzərindən keçən klassik Transsibir və ona bağlı xətlər; Cənub dəhlizi – İran və Hind okeanı üzərindən marşrutlar; Orta Dəhliz (Transxəzər) – Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə/Avropa zənciri.
Sanksiyalar, geosiyasi risklər və enerji təhlükəsizliyi gündəmi fonunda Orta Dəhliz Qərb üçün daha əlçatan, Mərkəzi Asiya üçün isə daha çoxvektorlu seçimə çevrilir. Azərbaycan bu xəttin həm Xəzər üzərində, həm də Qafqaz daxilində əsas “bottleneck” və eyni zamanda “bottleneck-i açan” məntiqi nöqtəsidir.
Mövcud rəqəmlər də göstərir ki, son illərdə Orta Dəhliz üzrə yüklər bir neçə dəfə artıb, lakin hələ də potensialın tamamını əks etdirmir. C5+Azərbaycan və C5+1 çərçivəsində tranzit tariflərinin hərtərəfli koordinasiyası, keçid müddətlərinin azaldılması, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, multimodal logistikanın (dəniz–dəmir yolu–avtomobil) inteqrasiyası kimi addımlar tam reallaşacağı halda 2030-a qədər Azərbaycan üzərindən keçən tranzit yüklərinin ən azı bir neçə milyon ton artması realdır.
Bəs praktik səviyyədə bu nə deməkdir? Orta ssenaridə əlavə yük axını Azərbaycan üçün onlarla milyon dollarlıq sabit tranzit gəliri formalaşdıracaq. Optimist ssenaridə bu rəqəm yüz milyonlarla dollara qədər yüksələ bilər. Daha önəmlisi, liman, dəmir yolu, logistika parkları, anbar, sığorta, bank və xidmət sektorlarında çoxqatlı multiplikativ ÜDM effekti yarana bilər".
Tahir Mirkişilinin fikrincə, Prezident İlham Əliyevin tədbirdə çıxışı və digər dövlət başçılarının şərhləri onu göstərdi ki, Zəngəzur dəhlizi təkcə yol deyil, mühüm bir geosiyasi və geoiqtisadi layihədir:
"Zəngəzur dəhlizi Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması fonunda yaranmış ən mühüm geoiqtisadi konstruksiyalardan biridir. Dəhlizin mahiyyəti ondan ibarətdir ki Azərbaycanı Naxçıvanla birləşdirən qısa, lakin strateji əhəmiyyətli quru koridoru yaradılır, həmin koridorun içindən dəmir yolu, avtomobil yolu, enerji xətləri və rəqəmsal infrastruktur eyni paketdə keçir, marşrut Türkiyə və daha sonra Avropa istiqamətində yeni, daha qısa “döngə” yaradır.
Təhlillər göstərir ki, bu dəhlizin C5+Azərbaycan kontekstində bir neçə mühüm təsiri var:
1.Orta Dəhlizin “ikili strukturu”. Bakı–Tbilisi–Qars xətti ilə yanaşı Bakı–Naxçıvan–Türkiyə xətti də formalaşır. Bu, həm risklərin diversifikasiyası, həm də yüklərin optimallaşdırılması baxımından əhəmiyyətlidir.
2.Enerji və elektrik ötürülməsi üçün əlavə kanal. Neft, qaz və elektrik enerjisi üçün alternativ marşrutların yaranması Azərbaycanın enerji xəritəsində “təkkanallı” riskləri azaldır, Mərkəzi Asiya resursları üçün isə Qərbə doğru çıxış qapısı yaradır.
3.Siyasi normallaşmanın iqtisadi dividendə çevrilməsi. Regionda sülh gündəminin real infrastruktur layihəsi ilə dəstəklənməsi C5+Azərbaycan formatının geosiyasi etibarlılığını artırır və xarici investor üçün riskləri aşağı salır.
Yəni, əslində Zəngəzur dəhlizi bu mənada C5+Azərbaycan formatını kağızda qalan diplomatik mexanizmdən çıxarıb konkret xəritə üzərində ölçülə bilən reallığa çevirən “möhkəm infrastruktur” sütunlarından biridir".
Beləliklə, Azərbaycan həm Mərkəzi Asiya ölkələri, həm Qərb, həm də digər böyük oyunçular üçün qaçılmaz dialoq ünvanına çevrilir.
Bu mənada C5+Azərbaycan sıradan diplomatik format deyil. Bu, Azərbaycanın coğrafi üstünlüyünü, milli birliyini geoiqtisadi üstünlüyə çevirmək üçün çox mühüm strateji pəncərədir.
Lalə,
BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.