Ötən gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə geniştərkibli iclas və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Bakupost.az xəbər verir ki, mərasimdə vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar.
Bakupost.az -ın məlumatına görə, Vəkillər Kollegiyası qəbul olunanlar arasında sabiq prokuror, baş ədliyyə müşaviri Sabir Abdinov da var.
Qeyd edək ki, S.Abdinov uzun illər prokurorluq orqanlarında çalışıb. Müxtəlif illərdə Yardımlı, Kürdəmir, Mingəçevir və Füzuli rayonlarında prokuror köməkçisi, müvin, prokuror və s. vəzifələrdə işləyən hüquqşünas daha sonra Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışıb.
Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə 2008-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
S.Abdinov uzun illər prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla da məşğuldur. AYB-nin üzvüdür. 6 kitabın müəllifidir. Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən onun 100-dən çox şeirinə mahnılar bəstələnib.
"Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnıların sözləri S.Abdinova məxsusdur.
Elnur
BakuPost
Vəkillər Kollegiyasında köklü kadr islahatları aparılmalıdır, çünki savadlı kadrların vəkil olmasına imkan verilməyir!