Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədəki səfirlik Azərbaycan vətəndaşlarına müraciət edib.
Bakupost.az xəbər verir ki, müvafiq müraciət səfirliyin X sosial media hesabında paylaşılıb.
Paylaşımda deyilir ki, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.
“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur”, - paylaşımda deyilir.