Ru
19:03 / 13 Noyabr 2025

Millət vəkili Vaşinqton Universitetində mühazirə deyəcək

Millət vəkili Vaşinqton Universitetində mühazirə deyəcək
Eye

Millət vəkili, tanınmış iqtisadçı Vüqar Bayramov Vaşinqton Universitetində mühazirə demək üçün dəvət alıb.

Bakupost.az xəbər verir ki, deputat sosial şəbəkədə paylaşım edərək universitetin onun iqtisadi təhsilində xüsusi rola malik olduğunu bildirib:

“İqtisadi təhsilimdə xüsusi töhfəyə malik olan Vaşinqton Universitetində yenidən - 20 ildən sonra: bu dəfə mühazirə demək üçün”.

Millət vəkili Bakupost.az -a açıqlamasında dəvətlə bağlı bunları deyib: “Amerika Birləşmiş Ştatlarının Seynt Luis şəhərinə səfərimin ikinci günü Vaşinqton Universitetində “Qazaxıstan və Azərbaycanda İnsan İnkişafı İnnovasiyaları üçün Resurslar” adlı mühazirəm təşkil edildi.
Çıxışım zamanı ABŞ Prezidentinin vasitəçiliyi ilə bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin sülh anlaşmasını imzalamasından sonra regiondakı yeni düzən barədə məlumat verdim. Azərbaycan sülh gündəliyinə sadiqdir və Qafqazda inkişaf və əməkdaşlığı dəstəkləyir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət regionda təhlükəsizliyin güclənməsi üçün real əsaslar formalaşdırıb.
Sülh regiona təhlükəsizlik ilə yanaşı, daha sürətli iqtisadi inkişaf və yeni imkanlar da vəd edir. Zəngəzurun dəhlizinin istifadəyə verilməsi və kommunikasiyaların yenidən bərpası isə bu imkanları daha da gücləndirəcək.
Azərbaycanda sosial sahədə aparılan islahatlara gəldikdə isə, 2025-ci ildə Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə 16.9 milyard manat vəsaitin ayrılması həyata keçirilir. Gələn il sosial sferaya 17 milyard manatdan çox vəsait ayrılacaq. Adambaşına düşən sosial xərclər isə min dollara yaxındır. Hazırda ünvanlı sosial yardımdan 83 min ailə və ya 353 min ailə üzvü faydalanır. 600 mindən çox uşaq aktiv sosial proqramlar ilə dəstəklənir. 150 mindən çox uşaq isə birbaşa sosial müavinətlərdən faydalanır. Azərbaycanın artan maliyyə imkanları insan kapitalının inkişafı üçün daha geniş imkanlar yaradır”.

Vüqar Bayramov iqtisadiyyat üzrə fəlsəfə doktoru, millət vəkili, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisidir. O, beynəlxalq iqtisadiyyat sahəsində araşdırmaları, qlobal institutlarla əməkdaşlığı və iqtisadi siyasət üzrə analitik fəaliyyəti ilə tanınır.



Elnur
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar