Avropada satışa çıxarılan minlərlə qəsr və orta əsr qalasının təqdim olunduğu ixtisaslaşmış internet saytı fəaliyyətə başlayıb.
"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə “The Olive Press” nəşri məlumat yayıb.
Bildirilib ki, castlecollector.com saytının bazasında artıq 3500-dən çox daşınmaz əmlak obyekti yer alır. Onların satışını isə 1000-dən çox daşınmaz əmlak agenti həyata keçirir.
Saytda təqdim olunan qəsrlərin qiymətləri əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, parkı və yardımçı tikililəri olan İntibah dövrünə aid bir qəsri 718 min avroya almaq mümkündür. 15 milyon avroyadək büdcəsi olanlar isə Madriddən avtomobillə cəmi bir saatlıq məsafədə yerləşən orta əsr qəsrinə sahib ola bilərlər.
Platformada mədəni irs abidəsi kimi qorunan Oçaran qəsri, eləcə də Kosta-Bravada yerləşən və bərpa edilmiş orta əsr qalası da satışa çıxarılıb.
Sayt vasitəsilə potensial alıcı statusu əldə etmək üçün əvvəlcədən yoxlamadan keçmək tələb olunur. Platformanın sahibləri alıcının niyyətinin ciddiliyini qiymətləndirdikdən sonra müraciəti müvafiq daşınmaz əmlak agentliyinə və ya mülkiyyətçiyə yönləndirirlər.
Maraqlıdır ki, qəsr almaq istəyənlərdən əsil-nəcabətli nəslə mənsub olmaq və ya zadəgan mənşəyinə sahib olmaq tələb edilmir.