Model Səmra Hüseynova Azərbaycanı “Miss Universe” (Kainat Gözəli) yarışmasında təmsil etmək istəyir.
Bakupost.az Yenisabah.az -a istinadən xəbər verir ki, iştirak xərcləri təxminən 250 min manat olan yarışa qatılmaq üçün model xalqa müraciət edib.
Səmra Hüseynova sosial media hesabında paylaşım edərək Emin Ağalarov, Araz Ağalarov, iş adamı Adnan Əhmədzadə, Leyla Əliyeva, Arzu Əliyeva, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı etiketləyərək bildirib ki, yarışda iştirak etmək üçün sponsor dəstəyinə ehtiyacı var:
“Müraciətim üçün hər kəsdən üzr istəyirəm, lakin çox önəmlidir. Artıq “Miss Universe” gözəllik yarışmasının kastinqləri başlayıb. Burada demək olar ki, bütün ölkələr çıxış edir. Afrika, Özbəkistan, Tacikistan, Qazaxıstan, Rusiya və bir həftə öncə saziş bağladığımız Ermənistan belə iştirak edəcək. Lakin siyahıda Azərbaycanın adı yoxdur. Bu məni çox məyus edir. Yarışda iştirak etmək üçün maliyyə xərclərini qarşılayacaq sponsora ehtiyacımız var. Bunun üçün mən dövlətimə və xalqıma müraciət edirəm. Çox istərdim ki, Azərbaycanı bu yarışmada təmsil edim. Çünki bu təkcə gözəllik yarışması deyil, mədəniyyətimizi, milli ruhumuzu, dövlətçilik ənənələrimizi milyonlarla insana göstərmək fürsətidir. Bizim noyabr ayına qədər vaxtımız var. 1 manat, 5 manat, 10 manat yardım etmək imkanınız olarsa, bizə kömək edin. İştirak məbləği 100-150 min dollardır. Ümid edirəm ki, mənim orada çıxış etmək şansım olacaq”.
Model paylaşımının altında kart nömrəsi də yerləşdirib.
Aparıcı və prodüser Tarix Əliyev isə bu müraciətə münasibət bildirərək qeyd edib ki, dövlətin daha vacib işləri var:
“Səmra yaxşı qızdır, amma anlamadım - Afrika, Rusiya, Ermənistan, nə bilim Mozambik… Bu ölkənin dərdi qurtarıb ki, 150 min dolları hansısa lazımsız yarışa ayıracaq? Dövlətin bu yarışlardan daha vacib işləri var”.
Qeyd edək ki, modelin müraciəti sosial mediada tənqid edilib.