Ru
16:43 / 24 Oktyabr 2025

Moskva hədələdi - Avropa aktivlərlə bağlı qərarı təxirə saldı

Moskva hədələdi - Avropa aktivlərlə bağlı qərarı təxirə saldı
Eye

Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyə dəstəyi göstərməyi vəd etsə də, Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlə istifadəsi barədə qərar dekabr ayına qədər təxirə salınıb. Belçikanın narahatlıqları aradan qaldırılmağa çalışılacaq.

Dünən keçirilən Aİ Liderlər Sammitində Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukrayna üçün xərclənməsi məsələsində razılıq əldə olunmayıb.

Aİ liderləri Ukraynanın 2026–2027-ci illərdə Rusiyaya qarşı müdafiəsini davam etdirə bilməsi üçün maliyyə təminatı verib. Sammitin yekun bəyanatında deyilir ki, “Avropa Şurası Ukraynanın 2026–2027-ci illərdə hərbi və müdafiə səyləri də daxil olmaqla, təcili maliyyə ehtiyaclarını qarşılamağı öhdəsinə götürür”.

Lakin üzv dövlətlərin rəhbərləri Ukraynaya veriləcək 140 milyard avroluq kreditin Aİ-də dondurulmuş Rusiya dövlət aktivləri hesabına maliyyələşdirilməsi barədə ortaq mövqeyə gələ bilməyib. Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsi Belçikanın “Euroclear” şirkətinin olduğu üçün Belçika Baş naziri Bart De Vever bu aktivlərin istifadəsinin hüquqi nəticələrindən narahat olduğunu bildirib. O vurğulayıb ki, Rusiya aktivlərinin istifadəsinə yalnız bu addım qanuni olduqda və digər Aİ ölkələri riskləri paylaşmağa razılıq verdikdə dəstək verəcəklər.

Almaniya kansleri Fridrix Merts Belçikanın narahatlıqlarını başa düşdüyünü bildirib və məsələnin çox mürəkkəb olduğunu qeyd edib. Merts daha əvvəl belə bir əməliyyatın edilmədiyini və bir çox sualın hələ də aydınlaşdırılmalı olduğunu vurğulayıb. Buna görə də Avropa Komissiyasından alternativ variantlar üzərində işləməsi istənilib: “Biz Ukraynada silahların susması üçün Rusiyanı danışıqlara məcbur etmək məqsədilə təzyiqi artırırıq”.

Rus aktivlərinin Ukraynanın maliyyələşdirilməsində istifadəsi, Rusiyaya qarşı artan təzyiqlərdə mühüm dönüm nöqtəsi hesab olunur. Əgər dekabr ayında plan qəbul olunarsa, 140 milyard avroluq kreditdə rus aktivləri girov kimi istifadə ediləcək. Ukrayna bu krediti yalnız müharibə bitdikdən və Rusiya təzminat ödədikdən sonra geri ödəyəcək.

Rusiya isə Aİ-ni dondurulmuş aktivlərinə “birbaşa əl qoymamaq” barədə xəbərdar edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, “Euroclear” hesablarındakı Rusiya aktivlərinə hər hansı əl qoyma cəhdi Moskvanın “ağrılı reaksiyası” ilə nəticələnəcək.

Aİ ölkələrinin Rusiya aktivlərinin aqibəti ilə bağlı narahatlıqları barədə Bakupost.az -a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, “Avropa İttifaqı Rusiyanın aktivləri ilə bağlı qərar verə bilmir:



"İldən-ilə məsələni uzadırlar. Hər dəfə açıqlama verirlər ki, aktivlər dondurulacaq və Ukraynaya dəyən zərərin aradan qaldırılması üçün istifadə ediləcək. Amma məsələni həll edə bilmirlər. Yalnız akitvlərdən əldən olunan faizlər Ukraynaya verilir. O da çox cüzi miqdardır. Digər tərəfdən, Avropa İttifaqında bəzi ölkələrin fərqli maraqlı var və bu ortaq qərara mane olur. ABŞ üçün qərar vermək daha rahatdır. Məsələn, Prezident Donald Tramp Rusiyanın iki nəhəng şirkəti - “Rosneft” və “Lukoil”ə qarşı sanksiya tətbiq olunmasıyla bağlı qərar verdi və bu, işləməyə başladı. Avropa İttifaqında isə bəzi dövlətlər fərli mövqedən çıxış etdiyindən bu məsələni həll etmək çətindir. Üstəgəl ola bilsin, Aİ ümid edir ki, bəlkə atəşkəs elan olunar, sülhə doğru addımlar atılar və Rusiya aktivlərinin dondurularaq Ukraynaya təhvil verilməsinə ehtiyac qalmaz. Çünki qorxurlar ki, Rusiya Aİ-nin bu addımına qarşı başqa təbirlər görər. Amma göründüyü kimi, müharibə dayanmır, əksinə gedişat daha da şiddətlənir”.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar