Ru
14:27 / 13 Mart 2026

Müharibə neft bazarını alovlandırdı - qiymətlər niyə qalxır və bazarı nə gözləyir?

Müharibə neft bazarını alovlandırdı - qiymətlər niyə qalxır və bazarı nə gözləyir?
Eye

Yaxın Şərqdə artan gərginlik fonunda dünya neft bazarında qiymətlər sürətlə yüksəlib. Hazırda “Brent” markalı neftin qiyməti 100 dollara, ABŞ-ın “Qərbi Texas” (WTI) markalı nefti isə 95 dollara qədər qalxıb.

Bu artım fonunda İran hökuməti neftin qiymətinin barrel başına 200 dollara çata biləcəyi ilə bağlı proqnoz irəli sürüb. ABŞ Energetika Nazirliyi bu ssenarinin real olmadığını bildirir. ABŞ prezidenti Donald Trump isə yüksək neft qiymətlərinin ABŞ iqtisadiyyatı üçün müəyyən üstünlüklər yarada biləcəyini qeyd edib.

Ekspertlər isə hesab edir ki, bazarda real qıtlıq yoxdur və qiymət artımının mühüm hissəsi geosiyasi risklər və bazar manipulyasiyası ilə bağlıdır.

Tankerlər gözlədilir, qiymətlər qalxır

“Strateji XXI” mərkəzinin prezidenti, neft-qaz bazarı üzrə ekspert Mixail Qonçar bildirib ki, qiymət artımı müəyyən müddət davam edə bilər, lakin qlobal miqyasda neft qıtlığı mövcud deyil.



Onun sözlərinə görə, əsas məsələ tədarük çatışmazlığı yox, daşınma riskləri və bazarın davranışıdır.

Ekspert qeyd edir ki, Hörmüz boğazı vasitəsilə keçid müəyyən qədər məhdudlaşsa da, İranın bu strateji boğazı tam bağlaması real görünmür. Hazırda tankerlərin dayanmasının əsas səbəblərindən biri sığorta şirkətlərinin riskləri artırmasıdır.

Bu isə daşınma xərclərini artırır və neftin bazara çıxarılmasını müvəqqəti gecikdirir.

Beş böyük treyder bazarı idarə edir

Mixail Qonçarın sözlərinə görə, dünya neft ticarətinin böyük hissəsi cəmi beş iri treyderin nəzarətindədir.

Bu treyderlər:
• nefti istehsal etmir
• daşımır
• yalnız fyuçers müqavilələri vasitəsilə ticarət edirlər

Bu səbəbdən bazarda süni qiymət artımı ilə bağlı şübhələr yaranıb. Ekspertlərin fikrincə, bəzi hallarda tankerlər limanlara çatdırılmadan saxlanılır və geosiyasi gərginlikdən istifadə edilərək daha yüksək qiymət gözlənilir.

Tankerlərin saxlanılması isə sahibkarlar üçün əlavə xərclər yaradır. Çünki hər gün üçün ödəniş artır. Lakin qiymətlər müəyyən səviyyəyə çatdıqda treyderlər nefti bazara çıxararaq satışa başlayır və qiymətlər yenidən tənzimlənir.

Qlobal qıtlıq yoxdur

Ekspertlərin fikrincə, hazırda qlobal bazarda real neft çatışmazlığı müşahidə olunmur.

Cənub-Şərqi Asiya, Çin yaxınlığındakı dəniz marşrutları və digər bölgələrdə hələ də çoxsaylı neft tankerləri mövcuddur. Bu isə bazarda kifayət qədər təklif olduğunu göstərir.

Bununla yanaşı, Beynəlxalq Energetika Agentliyi üzv ölkələri iki gün əvvəl 400 milyon barrel neft ehtiyatının bazara buraxılması barədə qərar qəbul edib.

Bu addım Yaxın Şərqdəki gərginlik səbəbindən yarana biləcək tədarük boşluqlarını kompensasiya etməyə yönəlib.

Qiymət artımı nə qədər davam edə bilər?

Ekspertlər hesab edir ki, neft qiymətlərindəki yüksəliş uzunmüddətli olmayacaq və daha çox qısamüddətli bazar reaksiyasıdır.

Əgər qiymətlər bir neçə həftədən artıq yüksək səviyyədə qalarsa, bu artıq qlobal iqtisadiyyat üçün ciddi risklər yarada bilər.

Xatırladaq ki, “Brent” neftinin tarixi maksimum qiyməti 2008-ci ildə 147 dollar olub. Həmin dövrdə də qiymət artımının əsas səbəblərindən biri Yaxın Şərqdəki geosiyasi gərginlik idi.

“Bu böhran deyil, psixoloji təzyiqdir”

Bakupost.az mövzu ilə bağlı neft eksperti və iqtisadçı İlkin Məmmədkərimovun da mövqeyini öyrənib.



Ekspert bildirib ki, neft qiymətlərinin artması real qıtlıqdan deyil, əsasən psixoloji amillərdən qaynaqlanır:

“Dünyanın neft tələbatının təxminən 25 faizi Hörmüz boğazından keçir. İran bu marşrut ətrafında gərginlik yaradaraq qiymətlərə psixoloji təsir göstərir. Amma bu real qlobal böhran demək deyil”.

Onun sözlərinə görə, ABŞ növbəti həftələrdə strateji ehtiyatlarından 170 milyon barrel neft satışa çıxarmağı planlaşdırır. Eyni zamanda Avropa Birliyi də 400 milyon barrel nefti bazara buraxmaq qərarı verib.

Ekspert hesab edir ki, qiymətlərin 200 dollar həddinə çatması dünya iqtisadiyyatı üçün çox ağır nəticələr doğura bilər:

“Əgər belə bir qiymət formalaşarsa, dünya iqtisadiyyatı bunu qaldıra bilməz və ciddi qlobal böhran yarana bilər”.

ABŞ qiymətləri nəzarətdə saxlamaq istəyir

İlkin Məmmədkərimov hesab edir ki, ABŞ neft qiymətlərinin nə həddindən artıq baha, nə də çox ucuz olmasını istəyir.

Onun sözlərinə görə, qiymətlərin 200 dollardan yuxarı qalxması ABŞ-ın öz neft şirkətləri üçün də ciddi risk yarada bilər.

Ekspert bildirir ki, İran isə Hörmüz boğazı ətrafında gərginlik yaradaraq qiymətlərin süni şəkildə yüksəlməsinə çalışır.

Dünya ehtiyatları kifayətdir

Son məlumatlara görə:
• Yaponiya təxminən 8 aylıq
• Cənubi Koreya 7 aylıq
• Avropa ölkələri isə ən azı 90 günlük

neft ehtiyatına malikdir.

Bu isə onu göstərir ki, hazırkı vəziyyət qlobal neft böhranından çox, geosiyasi risklərin yaratdığı bazar reaksiyasıdır.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar