Ru
13:30 / 31 Mart 2026

Müharibə turizm marşrutlarını dəyişdi - Azərbaycan önə çıxdı

Müharibə turizm marşrutlarını dəyişdi - Azərbaycan önə çıxdı
Eye

Qlobal münaqişələrin kəskinləşməsi fonunda təhlükəsizlik amili turistlər üçün əsas meyarlardan birinə çevrilib. Bu tendensiya 2026-cı ildə Azərbaycana marağın artmasında da özünü göstərir. Ölkəyə marağın yüksəlməsində təhlükəsizlik amili mühüm rol oynayır.

Bakupost.az xəbər verir ki, Rusiya mediasında dərc olunan məlumatlara görə, Azərbaycan 2026-cı ilin fevral və mart aylarında rusiyalı turistlər arasında ən çox seçilən istiqamətlərdən biri kimi ilk üçlüyə daxil olub. Ölkəmizin Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, təkcə 2026-cı ilin yanvar ayında Azərbaycana 42 mindən çox rusiyalı turist səfər edib. İl üzrə bu göstəricinin 2024-cü ilin səviyyəsinə – 730 min nəfərə yaxınlaşacağı gözlənilir. Statistikaya görə, “COVID-19” pandemiyasından əvvəl – 2019-cu ildə Rusiyadan Azərbaycana 932 minə yaxın, 2025-ci ildə isə 625 min turist gəlib.

Turizm bazarında fəaliyyət göstərən şirkətlər bildirirlər ki, paytaxt Bakı, dağ-xizək kurortları və sağlamlıq turizmi istiqamətləri xüsusilə populyardır. Eyni zamanda, bronların dərinliyi də artır – məsələn, “Sea Breeze” kurortu artıq 4 ay əvvəldən rezervasiya olunur.

Bakupost.az məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurovun da mövqeyini öyrənib.

Ceyhun Aşurovun sözlərinə görə, 2026-cı ilin əvvəlindən Yaxın Şərqdə davam edən müharibə fonunda ümumi turist axınında müəyyən azalma müşahidə olunur: “Ola bilər ki, Azərbaycan təhlükəsizlik reytinqinə görə həqiqətən də çox yaxşı mövqedədir və bu, turistlərin diqqətini cəlb edir. Sorğular göstərir ki, turistlər günün istənilən vaxtında, hətta gecə saatlarında belə ölkəmizdə, xüsusən də Bakıda rahat şəkildə gəzə bilirlər. Bu, onları ən çox məmnun edən amillərdən biridir”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi də turist marağına təsir edir: “Yay mövsümündə Rusiyadan gələn turistlərin sayı daha çox olurdu. 2024-cü ildə bu artım daha qabarıq hiss olunurdu. Lakin məlum təyyarə qəzasından sonra müəyyən sərinlik yarandı və bu, Rusiyadan gələn turistlərin sayına da təsir göstərdi. Ötən il rusiyalı turistlərin sayında azalma müşahidə olundu və onların bir qismi Gürcüstana və digər ölkələrə üstünlük verdi. Buna baxmayaraq, iki ölkə arasında tarixi bağlar mövcuddur və Azərbaycan Rusiya üçün əlverişli turizm bazarı olaraq qalır”.

Ekspertin fikrincə, daha sərfəli qiymətlər üçün əvvəlcədən rezervasiya vacibdir: “Turistlərin sayının artırılması üçün təhlükəsizlik əsas amillərdən biri olsa da, logistikanın da daha əlverişli hala gətirilməsinə ehtiyac var. Quru sərhədlərin bağlı olmasına baxmayaraq, birbaşa aviareyslər mövcuddur və bu uçuşların qiymətlərinin daha münasib olması vacibdir. Bu, təkcə Rusiyadan deyil, digər ölkələrdən də turist axınının artmasına şərait yarada bilər”.

“Körfəz ölkələrindəki geosiyasi gərginlik və müharibə şəraiti nəzərə alınarsa, Azərbaycan əslində ən əlverişli istiqamətlərdən biridir”, – deyə Ceyhun Aşurov qeyd edib. Onun sözlərinə görə, xüsusilə yay mövsümündə təhlükəsizlik faktoru Azərbaycana əlavə turist axını gətirə bilər: “Bu bazarlardan biri də Rusiyadır. Rusiyalı turistlər ilboyu müxtəlif istiqamətlərə səfər edirlər. Əgər düzgün mövqeləndirmə, əlverişli şərtlər və münasib uçuş qiymətləri təmin olunarsa, Azərbaycana daha çox turist cəlb etmək mümkündür. Uçuşlar yalnız Bakıya yönəlməməlidir – digər beynəlxalq hava limanları da cəlbedici tariflərlə turist axınını artıra bilər. Eyni zamanda, bronların bir neçə ay əvvəldən edilməsi həm qonaqlama, həm də bilet qiymətləri baxımından daha sərfəli şərtlər yaradır”.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar