“Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi və 24 saatlıq anti-terror əməliyyatından sonra beynəlxalq mediaya, o cümlədən Ermənistan jurnalistlərinə verdiyim müsahibələrdə həmişə vurğulayırdım ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinin tam bərpası Ermənistanın da buxovlardan, yükdən azad olmasına, Ermənistanın da suverenliyinin artmasına xidmət edəcək. Yəni, Azərbaycan Ordusu, faktiki olaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, həm də Ermənistanın suverenliyini möhkəmlətdi, çəkə bilməyəcəkləri, altında əziləcəkləri yükdən azad etdi. Təbii, yaxşı olardı ki, Ermənistan bunu vaxtında anlaya, sülh yolu ilə məsələnin həllinə razı olardı, amma, olmadı, qəhrəman Əsgərimiz bu vəzifəni layiqincə yerinə yetirdi”.
Bakupost.az xəbər verir ki, bu sözləri “ReAl” partiyasını sədri, iqtisadçı Natiq Cəfərli sosial-media hesabındakı paylaşımında yazıb.
İqtisadçı bildirib ki, Qarabağ məsələsinin ədalətli həlli, Azərbaycanın hərbi-diplomatik qələbəsi Ermənistanın daha rahat davranmasına, iqtisadi və siyasi “dalandan” çıxmasına, Rusiyanın boyunduruğundan addım-addım azad olmasına səbəb olur:
“Ümumiyyətlə, Ukrayna bataqlığına batan, taktiki üsütünlük qazansa da, strateji məğlubiyyətə doğru gedən Kreml, Qarabağ məsələsinin həllindən sonra Cənubi Qafqaza ən böyük təsir alətini itirdi, ardınca da Türkiyə-Azərbaycan tandemi taktiki və stateji qərarlarla, Rusiyanın bölgəmizdə zəifləməsinə nail oldu.
Vensin bölgəmizə səfərini həm də bu kontekstdən dəyərləndirmək lazımdır. ABŞ, bölgədə Rusiyadan ən çox asılı olan ölkəni öz qucağına alır, böyük investisiya layihələri, “Tramp yolu” Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasının yolunu açır. Ermənistan, faktiki olaraq, iqtisadi baxımdan Rusiyanın “muxtariyyatı” idi, hələ də asılılıq həddən artıq çoxdur. Rusiya Ermənistanda dəmir yolu nəqliyyatı, atom enerjisi, elektrik enerjisi şəbəkələri, qaz təminatı kimi stateji sahələrdə Rusiyadan çox asılıdır. Vensin Ermənistana səfəri zamanı imzalanan sənədlər məhz bu sahələri əhatə edir – deməli, ABŞ addım-addım Rusiyanı bu sahələrdən sıxışdırıb çıxarmaq strategiyasını qəbul edib və bunun üçün taktiki addımlar atır. Bu səfər, həm də Paşinyan və komandasına 7 iyun seçkiləri öncəsi ən böyük dəstək mesajıdır”.

N.Cəfərlinin sözlərinə görə, bu gedişat Azərbaycana strateji olaraq sərfəlidir, amma, iqtisadi yarışda geri düşməmək şərti ilə yaxşıdır: “Yəni, Ermənistanla sülh müqaviləsi, qarşılıqlı tanıma, səfirliklərin açılması, iqtisadi münasibətlər - bunlar çox yaxşı, amma, Ermənistan bölgədə iqtisadi rəqib olaraq həmişə qalacaq, bölgəyə yönəlik investisiyalar uğrunda gedəcək mübarizədə əsas rəqibimiz olacaq.
Azərbyacan öz coğrafi, enerji, əhali üstünlüyünü ağılla, strateji doğru qərarlarla üstünlüyə çevirməli, istənilən investisiya üçün ilk ağla gələn ölkə olmaq üçün çalışmalıdır. Bunun üçün isə yeni idarəetmə sistemi, ədalətli məhkəmələr, cəlbedici vergi-gömrük qanunvericiliyi olmazsa-olmazdır”.
“Müharibə və diplomatiyanı böyük üstünlüklə udub, iqtisadi rəqabətdə geri düşmək olmaz, sürətlə dəyişən dünyaya uyğun olan çevik, rifaha indeksli, ədalətli sistem qurmalıyıq – bu qəhrəman Şəhidlərimizin ruhu , böyüyən övladlarımız gələcəyi qarşısında boynumuzun borcudur...” – Natiq Cəfərli fikirlərini yekunlaşdırıb.
Cavid, BakuPost