Ru
13:56 / 28 Noyabr 2025

Navalnının fondu “terror siyahısı”nda – Kremldən əks həmlə

Navalnının fondu “terror siyahısı”nda – Kremldən əks həmlə
Eye

Rusiya hökuməti ötən il Sibirdəki həbsxanada ölən müxalif lider Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunu terror təşkilatı elan edib.

Bakupost.az “New York Times”a istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsinin dünən açıqladığı qərarda fondun məqsədləri və fəaliyyəti ilə terrorizmi təşviq etmək, qanuniləşdirmək və dəstəkləmək niyyətində olduğunu bildirib.

Navalnının yaxın silahdaşı, hazırda Litvada siyasi sığınacaq alan Leonid Volkov sosial mediada etdiyi açıqlamada 2021-ci ildən bəri Rusiyada vətəndaşlardan ianə toplamağın qadağan edildiyini xatırladıb: “Rusiyadakı məlumatlara çıxışımız və fond üçün maliyyə toplama imkanımız daha da çətinləşəcək.”

“New York Times” yazır ki, bu qərardan sonra əvvəllər fonda ianə edənlərin həbs olunma ehtimalı var.

2011-ci ildə qurulan Korrupsiyaya Qarşı Mübarizə Fondu 2019-cu ildə xaricdən maliyyələşdirilməsi iddiası ilə Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” siyahısına salınmışdı.

2020-ci ildə fondu bağladığını elan edən Navalnı, yeni hüquqi təşkilatlanma ilə qurumu yenidən açsa da, fondu “xarici agent” statusundan qurtara bilmədi.

2021-ci ildə ekstremist elan edilərək fəaliyyəti qadağan edilən təşkilat məhkəmə qərarı ilə ləğv edildi.

Fondun üzvləri uzunmüddətli həbs qorxusu ilə ölkəni tərk edərək fəaliyyətlərini xaricdə davam etdirirlər.

Tərəfdarlının apardığı analizlərə görə, 47 yaşında vəfat edən Navalnı həbsxanada zəhərlənərək öldürülüb. Rusiya rəsmiləri isə müxalif siyasətçinin ani ölüm sindromu səbəbi ilə vəfat etdiyini açıqlayaraq bu iddiaları rədd edirlər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar