Son günlər sosial şəbəkələrdə Naxçıvan duzu olduğu iddia edilən məhsulun suya qatıldıqdan sonra palçığabənzər hala düşməsini əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı
"Bakupost"un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, videoda nümayiş etdirilən məhsulun həqiqətən duz olması, hansı mənbədən əldə edilməsi və "Naxçıvan Duz İstehsalı" MMC tərəfindən istehsal olunması barədə təsdiqedici məlumat yoxdur.
"Bu baxımdan, yalnız görüntüyə əsaslanaraq həmin məhsulun Naxçıvan duzu olduğunun iddia edilməsi və onun keyfiyyəti ilə bağlı nəticə çıxarılması həqiqəti əks etdirmir.
Əlavə olaraq qeyd edirik ki, "Naxçıvan Duz İstehsalı" MMC tərəfindən qida üçün I və II növ duz emalı həyata keçirilir və Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəssisədə istehsal olunan duz məhsullarından mütəmadi olaraq nümunələr götürülərək laborator müayinələrə cəlb edilmiş və aparılmış müayinələrin nəticələrinə əsasən məhsullarda heç bir uyğunsuzluq müəyyən edilməmişdir".
Lalə Novruz, BakuPost