Ru
00:10 / 06 Mart 2026

Naxçıvana hücum dünyanı hərəkətə gətirdi

Naxçıvana hücum dünyanı hərəkətə gətirdi
Eye

İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu beynəlxalq aləmdə geniş rezonans doğurub.

Hadisədən dərhal sonra müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri Prezident İlham Əliyev ilə əlaqə saxlayaraq, Azərbaycana dəstək ifadə edib, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar isə Tehranın addımını qətiyyətlə pisləyiblər.

Bu reaksiyalar Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və diplomatik çəkisinin daha bir göstəricisi kimi qiymətləndirilir.

Naxçıvana dron hücumu

Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib.

Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşüb və binaya zərər dəyib. Digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Prezident Əliyevə zəng edən liderlər

Hücumdan sonra bir sıra dövlət rəhbərləri Azərbaycan Prezidenti ilə telefon əlaqəsi saxlayaraq həmrəylik nümayiş etdiriblər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İranın dron hücumunu qətiyyətlə pislədiyini bildirib və Gürcüstanın Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Latviya Prezidenti Edqars Rinkeviçs də telefon danışığı zamanı hücumu qınayaraq yaralananların tezliklə sağalmasını arzulayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə zəng edərək hücumu pisləyib və xəsarət alanlara şəfa diləyib.

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın rəhbərliyi və xalqı ilə həmrəy olduqlarını bildirərək hücumu qətiyyətlə pisləyib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev də Naxçıvana edilən hücumu qınayaraq Azərbaycanın yanında olduqlarını bəyan edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın suverenliyinə qarşı hücumların qəbuledilməz olduğunu bildirərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Albaniyanın Baş naziri Edi Rama da Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və hücumu qınayıb.

Diplomatik nümayəndəliklər və dövlət qurumları

Fransa Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Naxçıvana hücumunu qətiyyətlə pisləyərək bunun Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn pozulması olduğunu bildirib.
Niderlandın Azərbaycandakı Səfirliyi də dron hücumunu şiddətlə qınayaraq bunun Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş addım olduğunu bəyan edib.

Suriya Xarici İşlər Nazirliyi İranın Azərbaycan və Türkiyəyə qarşı zərbə endirmə cəhdlərini pisləyərək bunu dövlətlərin suverenliyinin pozulması kimi qiymətləndirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə İranın Azərbaycana hücumunu qınayaraq bunun Tehranın regional deyil, qlobal təhlükə yaratdığını göstərdiyini vurğulayıb.

Qətər, Küveyt də, İslam Əməkdaşlıq Təşkilatı da İranın Naxçıvana dron hücumunu pisləyib və s.
Ceyhun Bayramovla Gürcüstan, Pakistan, Türkiyə, Qırğızıstan, İsraildən olan həmkarları, o cümlədən AB diplomatiyasının rəhbəri Kallas əlaqə saxlayıb və dəstəklərini bildiriblər.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevə Türkiyə, Macarıstan və Səudiyyə Ərəbistanından olan həmkarları zəng edərək, birmənalı dəstək veriblər.

Azərbaycanın artan beynəlxalq çəkisi

Ekspertlər hesab edirlər ki, Naxçıvan hadisəsindən sonra müxtəlif ölkələrin və beynəlxalq təşkilatların operativ şəkildə Bakıya dəstək verməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir.

Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərində artan roluna görə Azərbaycan artıq regionun əsas geosiyasi aktorlarından biri kimi qəbul olunur.

Azər,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar