Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub.
Qeyd edək ki, Fuad Nəcəfli bu vəzifəyə 2022-ci ilin dekabr ayından təyin edilmişdi.
Yeni təyinatla bağlı
Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, ərazi bütövlüyü və suverenliyini bütün ölkə ərazisində bərpa edən Azərbaycan dövləti xalqımızın milli maraqlarına uyğun müstəqil siyasətini uğurla və prinsipiallıqla davam etdirir:
“Qarşıda duran strateji məqsədlərə doğru inamla irəliləyən dövlətimiz yeni hədəfləri reallığa çevrməklə daha da möhtəşəm uğurlara imza atacaq, tarixini yeni zəfər səhifələri ilə zənginləşdirəcək. Azərbaycan dövləti xalqımızın milli maraqlarına uyğun müstəqil siyasətini uğurla və prinsipiallıqla davam etdirir.
Məlum olduğu kimi, bu gün azad edilmiş torpaqlarda, eləcə də Naxçıvan Muxtar Respublikasında müasir idarəçilik sisteminin - Prezidentin xüsusi nümayəndəliyinin yaradılması həm idarəçilik sistemində təkmilləşməni, həm də görülən işlərin planlı şəkildə həyata keçirilməsinə nəzarəti təmin edir. Ümumiyyətlə, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvanın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərək, onlara tapşırıqlarını verdi.
Hesab edirəm ki, yeni səlahiyyətli nümayəndə yüksək etimadı əməli fəaliyyəti ilə doğrultmaq üçün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda var gücü ilə çalışacaq və dövlətimizin başçısının verdiyi bütün tapşırıq və göstərişləri vaxtında, layiqincə yerinə yetirəcəkdir”.
Lalə, BakuPost