"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli İngiltərədən özəl sifarişlə gətirdiyi kitabların Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ tərəfindən müsadirə edildiyini bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
N.Köçərlinin sözlərinə görə, İngiltərədən gətirdiyi 1000 manatlıq kitablara görə ondan 1900 manat “sertifikat” pulu alınıb:
“Üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları “ekspertiza” adı ilə “müsadirə” ediblər və qaytarmırlar. Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm? Kitab əvəzinə 1900 manatlıq heç kimə lazım olmayan sertifikatı təhvil verməliyəm?”
Naşir deyir ki, yalnız son bir ayda mərkəzin fəaliyyətinə görə ona 2600 manat ziyan dəyib:
“Çünki sertifikatlarla qarışıqlıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır! Heç kəsə lazım olmayan sertifikatlara 3100 manat ödəmişik! Üstəlik, çoxlu kitabları "müsadirə" ediblər! Bu yalnız son aya aiddir!”
Nigar Köçərli keçən gün mərkəzin rəhbərliyi ilə görüşdüyünü, lakin əldə olunan razılaşmalara baxmayaraq, kitablarının geri qaytarılmadığını və əlavə ödənişlərin tələb olunduğunu bildirib:
“Dünən mərkəzin rəisi Aris Rüstəmov, müavini Famil, əməkdaşları Pərvanə və Həcər ilə görüşdük. 1 saatlıq şirin söhbətdən sonra məni arxayın etdilər ki, kitablarımı geri qaytaracaqlar və 1-2 ədəd kitaba görə daha sertifikat tələb etməyəcəklər. Razı salıb, yola saldılar. Sonra isə yenə get-gələ saldılar, kitabları geri qaytarmadılar, üstəlik yeni gələn sifariş üçün əlavə 300 manat və "müsadirə" üçün bahalı kitab tələb etdilər! Dünən bütün günü əsəbimi alıb zəhləmi töküblər! Mən öz haqqımı tələb edirəm! Kitablarımı qaytarın!”
Şikayətlə bağlı “Respublika Sanitariya-Karantin Mərkəzi” "Qafqazinfo"nun sorğusuna belə cavab verib:
“Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxs idxalçının müraciətinə əsasən respublikaya idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizasını keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir.
“Ali və Nino Yayım” MMC tərəfindən respublikaya idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə 09.02.2025-ci il, 03.09.2025-ci il, 04.09.2025-ci il, 11.09.2025-ci il tarixli müraciətlər daxil olub. İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib.
Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur.
AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının imperativ göstərişlərinə uyğun olaraq, laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı sözügedən nümunə müştəriyə qaytarılmamalıdır”.
Lalə, BakuPost