Ədliyyə Nazirliyi fərdi sahibkar Hümmətli-Məmmədova Könül Ramiz qızı ilə satınalma müqaviləsi imzalayıb.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Abşeron rayon qeydiyyat şöbəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi ünvanında yerləşən, ümumi sahəsi 99,8 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 12 000 manatdır. Satınalma proseduru birmənbə metodu ilə keçirilib. İcarə müddəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Könül Hümmətli-Məmmədov 31 saylı notariat ofisinin rəhbəri işləmiş Ramiz Hümmətovun qızıdır. Ramiz Hümmətov ötən il iş adamı Emil Səməndərova məxsus torpaq sahəsini ələ keçirmək iddiası ilə gündəmə gəlmişdi.
Həmin vaxt Emil Səməndərovun xanımı Vəfa Məcidova mediaya açıqlamasında iddia etmişdi ki, Ramiz Hümmətov 0.111 ha torpaq sahəsinin və Xırdalan şəhərində yerləşən köhnə notariat ofisini həyat yoldaşının mülkiyyətinə keçirlməli imiş. Bununla əlaqədar Könül Hümmətli-Məmmədova ilə Emil Səməndərov arasında 01.03.2019-cu il tarixli beh müqaviləsi bağlanıb. Beh müqaviləsində də nəzərdə tutulduğu kimi 100 min manat pul vəsaiti Könül Hümmətovaya ödənilib. Daha sonra Könül Hümmətovaya 50 min manat da verilib. Qısası, hissə-hissə olmaqla Emil Səməndərovdan 500 000 manat pul alınıb. Vəfa Məcidovanın sözlərinə görə, sonradan torpaq sahəsi başqa şəxslərə satılıb.
Bu məsələ ilə əlaqədar Emil Səməndərov polisə də müraciət edib. Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Emil Səməndərovun müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırma nəticəsində əməldə cinayət məsuliyyəti yaradan halların olmadığı müəyyən edilib və vətəndaşa bu barədə məlumat verilib. Həmçinin Emil Səməndərova aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.