Afrika Millətlər Kuboku öncəsi Kamerun milli futbol komandasında böhran yaşanır.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Afrika ölkəsinin futbol federasiyası prezidenti, əfsanəvi futbolçu Samuel Eto, baş məşqçinin milliyə çağırdığı futbolçu siyahısına müdaxilə edib. Bu addım federasiya prezidenti ilə baş məşqçi arasında gərginliyə səbəb olub.
Qarışıqlığın mərkəzində “Neftçi”nin legioneri Vinsent Aboubakar durur. Etonun hücumçunun adını siyahıdan silməsi baş məşqçini özündən çıxarıb. Nəticədə Eto Mark Brüsü işdən qovub və David Pagounu müvəqqəti baş məşqçi təyin edib. Lakin Brüs rəsmi olaraq vəzifəsindən çıxarılmadığını iddia edir və öz siyahısında israrçıdır.
Etonun addımı ictimaiyyət arasında komandanın liderliyinə təsir göstərmək kimi qiymətləndirilib. Deyilənə görə, Eto ona məxsus olan millidə qol rekordunun qırılmasını istəmədiyi üçün bu addımı atıb.
Samuel Etoo Kamerun millisində keçirdiyi 118 oyununda 56 qol vurub. Vinsent Aboubakar isə 117 oyununda 45 qolla ilə ikinci yerdədir.
Cavid, BakuPost