"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi PHŞ tərəfindən müsadirə edilən kitabları geri qaytarılıb.
Bakupost.az xəbər verir ki, sahibkar bu barədə sosial şəbəkədə paylaşdığı videoda bildirib.
“Əziz dostlar, bu 3 gözəl kitaba görə mən 3 həftədir ki, Səhiyyə Nazirliyinin mərkəzi ilə mübarizə aparırdım. Nəhayət kitablarımı aldım. İndi təsəvvür edin, bu 3 kitabın hərəsinə ayrılıqda 300 manat pul ödəmişəm, nədir-nədir, əvəzində mənə heç kəsə lazım olmayan, heç vaxt lazım olmayan sertifikat veriblər. Üstəlik, bu kitabları əlimdən alıb qaytarmaq istəmirdilər. Əvvəlcə sosial şəbəkələrdə mənə dəstək olanlara təşəkkür edirəm. Sahibkarlara isə deyirəm ki, belə şeylərə dözməyin, etiraz edin. Ölkədə belə anormal şeylər baş verməməlidir”.
Qeyd edək ki, sentyabrın 16-da Nigar Köçərli İngiltərədən özəl sifarişlə gətirdiyi kitabların Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ tərəfindən müsadirə olunduğunu açıqlamış və son ay ərzində bu səbəbdən ona 2 600 manat ziyan dəydiyini bildirmişdi.
Lalə Novruz, BakuPost