Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ötən il qazandığı Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa verib. O, bunu yanvarın 15-də Ağ Evdə Trampla görüşdükdən sonra jurnalistlərə deyib.
Tramp "Truth Social" platformasında xəbəri təsdiqləyib və Maçadoya "gözəl jestə görə" təşəkkür edib.
Bəs Nobel Fondunun nizamnaməsinə görə, belə bir addımın atılmasına icazə verilirmi? Nobel mükafatı tarixində buna bənzər hadisə olubmu, yoxsa ilkdir?
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, dünya təcrübəsində Nobel Sülh Mükafatının “rəsmi şəkildə” başqa bir şəxsə verilməsi halı yoxdur, tarixdə analoji hadisə olmayıb və bu, Nobel qaydalarına uyğun deyil. Nobel Fondunun nizamnaməsinə görə, Nobel mükafatı yalnız laureata (qalibə) məxsusdur. Mükafat satıla, bağışlana, ötürülə və ya rəsmi şəkildə başqa bir şəxsə verilə bilməz. Laureat yalnız medalı və ya diplomu şəxsi əşya kimi hədiyyə edə bilər, lakin bu halda mükafatın hüquqi statusu dəyişmir. Yəni, kimsə medalını başqa birinə versə belə, o şəxs Nobel laureatı sayılmır, Nobel Komitəsi və Nobel Fondu bunu tanımır, rəsmi tarixdə heç nə dəyişmir. İndiyə qədər heç bir Nobel laureatı mükafatı rəsmi və ya simvolik olaraq belə, başqa bir siyasi liderə təqdim etməyib. Nobel Komitəsi tərəfindən tanınmış belə presedent mövcud deyil. Bəzi laureatlar pul mükafatını xeyriyyə fondlarına bağışlayıblar, medalı muzeyə veriblər, amma mükafatı konkret bir siyasi liderə təqdim edən olmayıb.
Nobel mükafatı fərdi xidmətlərə görə verilir, siyasi jest alətinə çevrilə bilməz.
Müşahidəçiləri bir sual da düşündürür: Maçado Nobel Sülh Mükafatının medalı ilə bərabər aldığı vəsaiti (təxminən 1 milyon dollar) Trampa bağışlayıb, yoxsa elə tərəflər medalla kifayətləniblər?