“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırıldı. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb.
Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, sabiq sədrlə bağlı mətbuatda tez-tez şikayət və korrupsiya iddiaları dolaşdırdı.
Şikayətlər əsasən, pul qarşılığında işə götürmə və işçilərin hüquqlarının tapdalanması ilə bağlı idi.
Mətbuatda Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də R.Vəliyev susmağa üstünlük verirdi. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə R.Vəliyevin qəbulunda olmağına baxmayaraq, ondan işə düzəlmək üçün 5 min manat pul istənildiyi barədə ittiham irəli sürüb.
Daha bir məlumat isə R.Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda onun adının çəkilməsi heç də təsadüfi deyil.