İtaliyanın Lombardiya bölgəsinin Bordo Vircilio qəsəbəsində yaşayan 58 yaşlı kişi anasının ölümünü rəsmiləşdirməyərək illərlə onun pensiyasını almaqda ittiham olunur.
Bakupost.az İtaliya mediasına istinadən xəbər verir ki, hadisə yerli administrasiyaya sənəd təqdim edilən zaman üzə çıxıb. Anasının şəxsiyyət vəsiqəsini yeniləmək üçün parikdə, makiyajda olan kişi sırğa və digər bəzək əşyalarından istifadə edərək özünü qadın kimi göstərməyə çalışıb. Lakin binaya daxil olduqda əl dərisinin gənc görünməsi, boynunun qalınlığı və üz xətləri əməkdaşların şübhəsini artırıb.
Məsələ ilə bağlı polis araşdırma aparıb. Şəxsiyyət vəsiqəsinin yenilənməsi üçün təqdim olunan foto ilə qadının pasportundakı fotonun eyni olması müraciətin saxta olduğunu üzə çıxarıb. Daha sonra həmin ünvanda aparılan axtarış zamanı qadının mumiyalanmış cəsədi aşkarlanıb.
Məlumata görə, şübhəli şəxs anasının pensiyası və ona məxsus bəzi əmlaklardan əldə edilən gəlirlə ildə təxminən 53 min avro qazanıb. Hazırda onun barəsində sosial yardım fırıldağı və cəsədi gizlətmək ittihamları üzrə istintaq aparılır.
Cavid, BakuPost