Azərbaycan məhkəmə-hüquq sistemində inanılmaz, bəlkə də ədalət adına ən böyük biabırçılıqlardan biri yaşanır.
Bakupost.az Müsavat.com-a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə Fərman Məmmədovun ziyanın indeksasiyasıyla bağlı iddiasına baxılıb.
İclasda həm iddiaçı, həm də cavabdeh, dələduzluq üstündə 9 il azadlıqdan məhrum edilən, amma cəzasını tam çəkmədən azadlığa buraxılan Elnur İbrahimov iştirak edib. 350 min manatlıq mülki iddia üzrə 1 qəpik də ödəməyən Elnur İbrahimov vaxtından əvvəl azadlığa buraxılmasının detallarını açıqlamayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökm kağız üzərində qalıb.
Dövlətin adından verilən qərar isə icra məmurlarının masalarında toz basır. Ən qalmaqallısı isə budur: dələduzluqda təqsirli bilinən, zərərçəkmişə 1 qəpik də ödəməyən İbrahimov vaxtından əvvəl azadlığa buraxılıb! Hakimin hansı “əsaslara” söykəndiyi isə qaranlıqdır.
Məhkəmə zalında Fərman Məmmədov Elnur İbrahimovdan üz-üzə soruşur:
“Sən həbsdə işlədiyini deyirsən, bəs niyə vurduğun zərəri niyə ödəmirsən?”
Özünü toxunulmaz, arxayın hesab edən Elnur İbrahimov cavab vermir…
İcra məmurları da prosesi sadəcə baykot edir, hakimin çağırışına saymazyana yanaşırlar.
İşin icrası Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb. Həmin şöbə Sabunçu məhkəməsi binasının 1-ci mərtəbəsində yerləşir, hakim Şəbnur Qədirovanın sədrliyi ilə keçirilən proses isə eyni binanın 3-cü mərtəbəsində aparılır. Məhkəmənin çağırışına icra məmuru etinasız, saymazyana yanaşırsa, heç bir izah vermədən, səbəb göstərmədən prosesdə iştirakı özünə rəva bilmirsə, dələduz biri Azərbaycan məhkəməsinin hökmünü icra edərmi?
Ötən illər ərzində Elnur İbrahimovun nə əmlakına həbs qoyulub, nə də ondan 1 manat pul tutulub.
Fərman Məmmədov məcbur olub, icra məmurunun hərəkətsizliyini məhkəməyə daşıyıb.
Onun iddiası əsasında Sabunçu Məhkəməsində hakim Ruslan Mirzəliyevin sədrliyi ilə 5 proses keçib. Proses icra məımurunun məhkəmənin çağırışlarına məhəl qoymaması səbəbindən hər dəfə təxirə salınıb. Həmin 5 prosesin birinə belə məhkəmə içraçılarının 1 nümayəndəsi, Elnur İbrahimovu biləvasitə məhkəmə hökmünü icra etməyə məcbur etməli Vüqar Əliyev qatılmayıb. Oturduqları binanın 1-ci mərtəbəsindən 3-cü mərtəbəsinə qalxıb məhkəmənin çağırışına gəlməyib. Sonda hakim Ruslan Mirzəliyev icra məmuru Vüqar Əliyevin hərəkətsizliyini qanunsuz sayıb. Amma sonra nə? Heç nə!
Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(101)-75/2019 saylı hökmünün mülki iddia hissəsi havada qalıb. Məhkəmənin hökmü sadəcə icra olunmur. İcra məmuru da cəzasız qalır. Dələduz isə qəfildən azadlığa buraxılır. Bu, artıq sadəcə qanunsuzluq yox, açıq-aşkar ədalətin təhqiridir, Azərbaycan Respublikası adından çıxarılan hökmə yumşaq desək, kağız parçası kimi münasibət bəsləməkdir...
Əgər Elnur İbrahimovun pulu yoxdursa, necə olur ki, mülki iddiası təmin edilmiş zərərçəkmişə 1 qəpik ödəmədiyi halda, Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manatı hansı hesabdan verib?
Bu fakt bir həqiqəti üzə çıxarır - pul var, amma zərərçəkmişə yox, “öz dairələrinə” ödəyiblər.
Bəs bu necə adlanır? İkili standart? Qanunun aliliyi, yoxsa tanışlıq və qohumbazlıq aliliyi?
İllərlə uzanan “oyun” isə davam edir.
Xatırladaq ki, bu qalmaqal 2013-cü ildən başlayıb. O zaman Elmira Axundova oğlunu “iş adamı” kimi təqdim edir, ətrafındakıları biznesə pul qoymağa çağırır. İnsanlar deputatın sözünə inanıb yüz minlərlə manatlarını Həbib Axundova verirlər. Əllərində bunu təsdiqləyən müqavilələr də var. Sonra məlum olur ki, bu “biznes” yalnız kağız üzərində qurulmuş oyundur. Pul sahibləri arasında Elmira Axundovanın seçki kampaniyasında ona vəkil olmuş Fərman Məmmədov da var.
Zərərçəkənlər əllərində sənədlərlə qapı-qapı düşür. O zaman məsələ böyüyür, Elmira Axundova hər kəsi əmin edir ki, narahat olmasınlar, pullar qaytarılacaq. Sonradan Həbib Axundov da pulları əllərindən gedən hər kəs kimi çönüb olur zərərçəkən, Elnur İbrahimov isə müttəhim. Əsl zərərçəkənlərin ondan şikayətçi olmamaları da nəzərə alınmır. Əksinə, önə Elnur İbrahimov çıxarılır, bütün məsuliyyət ona yüklənir. O isə ölkədən qaçır, illərlə gizlənir, sonra tutulur.
Nəhayətdə Bakı Ağır Cinayətlər Məhkəməsində Elmira Axundovanın evində başlayan “biznes”də “ehtiyyat təkər” olan Elnur İbrahimov 9 ilə həbsə məhkum edilməklə, ona qarşı zərərçəkənlərdən yalnız Fərman Məmmədovun verdiyi mülki iddia təmin olunur. Lakin illər keçir, nə Elmira Axundovanın vəd etdiyi pullar zərərçəkənlərə qaytarılır, nə də mülki iddia üzrə Fərman Məmmədova 1 qəpik ödənilir.
Bəs dövlətin adından çıxarılan hökm niyə icra edilmir? İcra məmuru niyə məsuliyyət daşımır? Zərərçəkmişin haqqı niyə tapdanır? Ədalətə olan inamı məhv edən bu özbaşınalığa kim son qoyacaq?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Elnur İbrahimovun vaxtından əvvəl azadlığa buraxılması və ona qarşı çıxarılmış mülki iddianın icra edilməməsi Azərbaycan qanunvericiliyinin açıq şəkildə pozulmasıdır:
“Cəzaçəkmə müəssisəsindən şərti azadlığa buraxılma yalnız məhkumun islah olunması, davranışları, ziyanın ödənilməsi və digər hüquqi şərtlərlə mümkündür. Əgər şəxs 350 min manatlıq mülki iddianı bir qəpik belə ödəməyibsə, onun vaxtından əvvəl azadlığa buraxılması qanuna ziddir. Burada ya məhkəmə, ya da icra orqanlarının məsuliyyətsizliyi, yaxud da bilərəkdən edilən qanunsuz müdaxilə ehtimalı var”.
Onun sözlərinə görə, məhkəmə qərarının icra edilməməsi Cinayət Məcəlləsi üzrə məsuliyyət yaradır və icra məmurları barəsində cinayət işi başlanmalıdır. Əks halda, bu praktika qanunun aliliyini sıradan çıxarır, vətəndaşların ədalətə inamını tamamilə sarsıdır, ölkədə dələduzluğun sürətlə yayılmasını şərtəndirir.
Natiq Ələsgərov deyib ki, icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir:
“Bu iş üzrə zərərçəkmiş-tələbkar icra məmurunun hərəkətsizliyi haqda qərarı əsas götürməklə ona dəymiş zərəri dövlətdən ala bilər. Azərbaycan qanunları buna yol verir. Bu məsələ ölkə rəhbərliyi səviyyəsində qaldırılmalı, icra məmurunun hərəkətsizliyinin səbəbi də bilinməlidir. Belə hərəkətlər ortada varsa, dövləti təmsil edən məmurun hərəkətsizliyi məhkəmə hökmünün icrasını əngəlləyirsə, burada dövlətin zərəri ödəmək öhdəliyi yaranır”.
Ortada hazırda bir həqiqət var ki, Azərbaycan məhkəmə-hüquq sisteminə etimad bu cür hadisələrlə hər gün bir az da sarsılır. Məhkəmə-hüquq islahatlarına bundan artıq badalaq vurmaq olarmı?