Ru
15:00 / 01 May 2026

“Onkologiya”dakı hadisə nələri üzə çıxartdı? – Bombalanan həkimlər...

“Onkologiya”dakı hadisə nələri üzə çıxartdı? – Bombalanan həkimlər...
Eye

Dünən Milli Onkologiya Mərkəzində baş verən partlayış cəmiyyətdə ciddi narahatlıq doğurub.

Hadisə nəticəsində partlayışı törədən şəxs ölüb. Eyni zamanda, hadisə zamanı mərkəzdə çalışan həkim Asif Nəsirli ağır xəsarətlər alıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırmalar davam edir.
Lakin diqqət çəkən əsas məqam hadisənin mahiyyətindən çox, bu hadisə fonunda formalaşan müzakirələrdir.


Cinayətə bəraət axtarışı?

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə hadisəni törədən şəxsin müdafiə olunması, onun addımının “çarəsizlik” kimi təqdim edilməsi tendensiyası müşahidə olunur.

Daha təhlükəlisi isə budur ki, yenə də həkimin günahkar kimi göstərilməsinə cəhdlər edilir.


Həkim bir müddət əvvəl də əcəlin əlindən qurtulub

İki övlad atası olan Asif həkimlə bağlı ortaya çıxan faktlar isə tam fərqli mənzərə yaradır. Məlumata görə, o, bir neçə il əvvəl ağır əməliyyat keçirib, həyatla ölüm arasında qalıb. Lakin bu çətin mərhələni geridə qoyaraq həyatını maraqlı etməyə çalışıb. Məsələn, velosiped sürməyə başlayıb, tez-tez səfərlərə çıxıb.

Bəlkə də elə buna görə tanıyanlar deyir ki, o, xəstələrə xüsusi həssaslıqla yanaşan, ədalətli və diqqətli həkim kimi seçilir.

Asif həkim ölkədə nadir ixtisaslardan biri – uşaq radiasiya onkologiyası sahəsində çalışır. Bu, onun təkcə fərdi deyil, səhiyyə sistemi üçün də nə qədər əhəmiyyətli olduğunu göstərir. Belə mütəxəssislər qısa müddətdə yetişmir və onların itirilməsi səhiyyə xidmətlərinin davamlılığına birbaşa təsir edir.


Həkimə qarşı zorakılıq: problem sistemdədir

Son hadisə bir daha göstərdi ki, məsələ təkcə bir fərdin davranışı ilə izah oluna bilməz. Bu, daha dərin, sistemli problemdir.

Bu gün səhiyyə sistemində bir sıra ciddi boşluqlar mövcuddur:

1.Pasiyent hara müraciət edəcəyini bilmir

2.Xidmət imkanları ilə gözləntilər arasında uyğunsuzluq var

3. Həkimi qoruyan mexanizmlər zəifdir

4. Məsuliyyət sistemin deyil, fərdlərin üzərinə atılır

Nəticədə isə vətəndaşla həkim qarşı-qarşıya qalır.


Qəzəbin ünvanı dəyişir

Vətəndaş sistemi görmür, qarşısında yalnız həkimi görür. Problem sistemdə olsa da, reaksiya həkimə yönəlir. Halbuki həkim çox vaxt bu sistemin boşluqlarını kompensasiya etməyə çalışan, amma ən müdafiəsiz qalan tərəfdir…


Zorakılığa bəraət?

Hadisədən sonra səslənən “çarəsizlik” arqumenti əslində daha böyük təhlükənin siqnalıdır. Bu yanaşma zorakılığı normallaşdırır, həkim peşəsini bir az da nüfuzdan salır, hüquqi yox, emosional davranışı təşviq edir… Bu isə artıq ictimai təhlükəsizlik məsələsidir.


Həkim kimdir, ona qarşı niyə diqqətli olmalıyıq?

Bəzən insanlar, həkimlərin “yekəxanalığından, “özündən razılığından” gileylənirlər. Əslində, bu insanların eqosunun çox təbii səbəbləri var. Onlar məktəbdə yüksək nəticə göstərmiş, ali məktəblərə yüksək ballarla qəbul olmuş, uzun illər ağır təhsil və təcrübə keçmiş, daim öyrənən, kitab və elm içində olan insanlardır.
Belə bir peşəyə münasibət də buna uyğun olmalıdır.

Həkimə “çoban yanaşması” ilə baxmaq səhiyyəyə obyektiv qiymət verməyə imkan verməz.


Strateji itki və risklər

Həkimlərə qarşı bu münasibət davam etsə, səhiyyə sistemi onları hədəfə gətirməklə özünümüdafiə taktikasını davam etdirsə, bizi ağır nəticələr gözləyir. Ən azı, peşəkar həkimlər sistemi tərk edəcək, tibbi xidmət keyfiyyəti daha da aşağı düşəcək
Ona görə də həkimləri qoruyan hüquqi mexanizmlər gücləndirilməli, pasiyent yönləndirmə sistemi şəffaflaşmalı, qərar və məsuliyyət mexanizmləri aydın qurulmalıdır…

Elnur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar