Ru
11:10 / 17 Noyabr 2016

“Onlar meydanda papaq qoyub, pul yığırdı” - Sabir Rüstəmxanlı/MÜSAHİBƏ

“Onlar meydanda papaq qoyub, pul yığırdı” -  Sabir Rüstəmxanlı/MÜSAHİBƏ
Eye

Bu gün - 17 noyabr tarixi Azərbaycanda
milli-azadlıq hərəkatının başlandığı gündür. 27 il əvvəl, 1988-ci ilin
noyabrında Azərbaycan xalqı Ermənistanın təxribatlarına və Sovet İttifaqının
ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında
toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı oldu. Həmin
gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm” savaşı
başladı.


Aktuallığını nəzərə alaraq o günlərdə xalq hərəkatının
liderlərindən, meydanın qəhrəmanlarından biri olan xalq şairi Sabir Rüstəmxanlının
ötən il elə Azadlıq meydanında musavat.com saytına verdiyi müsahibəni təqdim
edirik:


- Sabir bəy, o gün
burada mənzərə necə idi? Meydan hərəkatı nədən başladı və necə hərəkata
çevrildi?


- Bu gün həm Azərbaycan tarixinin, həm də mənim həyatımın
unudulmaz günlərindən biridir. Mitinqin səbəbi o idi ki, 1988-ci ilin fevral
ayından hökumət qarşısında irəli sürülən tələblərin heç biri yerinə yetirilməmişdi.
Bu vaxta qədər dəfələrlə mitinqlər keçirilmişdi, ancaq təəssüf ki, heç bir nəticəsi
olmamışdı. Artıq bıçaq sümüyə dirənmişdi, millət ayaq üstə idi. Ona görə də,
hazırlıq gedirdi, xüsusən universitetin tələbələri, təşəbbüskar gənclər, eyni
zamanda bizim Yurd cəmiyyəti mitinqə hazırlıq görürdük. 17 noyabrda səhər tezdən
universitetdən və akademiyadan meydana doğru bir hərəkat başladı. Bir də
zavodlar tərəfdən axın başladı. Ancaq akademiyadan və universitetdən gələn tələbələr
M.Ə. Sabirin heykəlinin qarşısında saxlanıldı. Avtobuslarla yolu kəsmişdilər.


Biz etiraz əlaməti olaraq küçədə yerə oturduq. Sonra
arxadan daha çox insan axın etdi və onları saxlamaq mümkün olmadı. Avtobusları
götürməyə məcbur oldular, yol açıldı. Sonra Qoşa Qala qapısının qabağında
mitinqi dayandırmaq istədilər, Fuad Musayev o zaman Bakı Şəhər Partiya Komitəsinin
katibi idi, orada mikrofon qoydu ki, mitinq burada keçirilsin. Rəhmətlik Vəli Məmmədov
o zaman 26-lar (Səbayel) Rayon partiya komitəsinin katibi idi, istədi orada
çıxış eləsin, ancaq xalq qəbul eləmədi. Mən də dedim ki, sizin bu cəhdiniz əbəsdir,
xalq meydana gedəcək və bunun qarşısını almaq mümkün deyil. Məcbur oldular yolu
açdılar və xalq qısa müddətdə meydanı doldurdu.




- Necə oldu ki, meydan hərəkatının
liderlərindən birinə çevrildiniz? Bunu xalq istədi?


- Elə həmin gün akademiyanın və universitetin tələbələri
bayraq qaldırdı, çıxışlar etdilər. Sonra mənə dedilər ki, bizim bu mitinqi sona
qədər aparmaq imkanımız yoxdur və xahiş edirik ki, siz aparasınız. Tribunada
çox az adam var idi və onlardan biri də mən idim. Beləliklə, o gün başlanan
mitinqlər 18 gün ərzində davam elədi. Həmin müddət ərzində meydanın faktiki
olaraq iki lideri var idi, şair Sabir Rüstəmxanlı və fəhlə Nemət Pənahov. İndi
mən televiziyalarda baxıram, müxtəlif versiyalar irəli sürürlər ki, kim idi
meydanın lideri. O vaxt meydana aidiyyəti olmayan adamları da gətirib ora
calamaq istəyirlər. Ancaq o zaman qəzetlər açıq yazırdı, şəkillər də var.
"Kommunist” qəzeti meydanda olan insanların şəklini vermişdi. Bu qəzetdə
"Xalqın səsi” adlı böyük bir yazı getmişdi. Hər şey insanların gözünün
qabağında idi, millət ancaq inandığı adamları eşidirdi. O zaman hələ siyasi
liderlər yox idi, siyasi bir hərəkat başlamamışdı. Bu, Qarabağ məsələsi ilə əlaqədar
başlayan etiraz idi. Lakin dövlət, yəni Moskva xalqa etinasız yanaşdığından bu
etiraz milli azadlıq hərəkatına çevrildi. Ordu gələndə xalq gördü ki, Moskva
Yerevana heç bir söz demədən, onların səsini batırmaq istəyir. Bu səbəbdən sırf
Qarabağ məsələsi ilə bağlı başlayan mitinq çevrilib milli azadlıq hərəkatı
oldu.


- Üçrəngli Azərbaycana bayrağının
meydana gəlişini necə xatırlayırsınız? Başqa bayraqlar da var idimi?


- Mitinqin üçüncü günündə meydanda ilk dəfə üçrəngli
bayraq dalğalandı və yadıma gəlir, stenoqramlarda da qalıb, mən dedim ki, bu
meydana yaşıl və digər rənglərdə bayraqlar gətirib bu hərəkata dini don
geyindirmək və milli azadlıq ruhuna kölgə salmaq istəyirlər. Mən vurğuladım ki,
bu bizim milli azadlıq mübarizəmizdir, yaşasın üçrəngli bayraq, bizim milli
bayrağımız odur və ondan başqa bütün bayraqlar yığışdırılsın. O gündən sonra bu
meydanda yalnız bir bayraq qaldı, o da üçrəngli bayraq idi. O zaman Hökumət
Evinin üstündə Leninin heykəli var idi, biz bayrağı onun qoluna sancdıq və 18
gün bu bayrağı meydanda Lenin "dalğalandırdı”. Birinci gündən sonra tələbələr də,
sadə insanlar da meydanın dağılmasını istəyirdilər.


Əslində ilk günlərdən hamı meydanın dağılmasını istəyirdi,
ancaq meydan dağılmadı. Sonra mən də dedim ki, biz istəmirik xalqla Moskvadan gələn
ordu arasında qarşıdurma yaransın, dağılıb sonra daha güclü şəkildə gəlmək
lazımdır. Xalq o zaman həqiqətən bizi dinlədi və biz kürsüdən atıldıq. Əvvəlcə
Nemət Pənahlı atıldı və xalq onu çiyinlərinə alıb meydandan uzaqlaşdırdı, sonra
da məni çiyinləri üzərində meydandan çıxartdılar. Bəxtiyar Vahabzadə, Aydın Məmmədov
da çıxış elədilər ki, meydan dağılmalıdır. Biz istəyirdik ki, gedib daha güclü
qayıdaq. Məqsədimiz o idi ki, Bakıda o zaman hərbi vəziyyət elan olunmasın.
Ancaq təəssüf ki, müəyyən güclər o vaxt meydanın dağılmasına imkan vermədi. Biz
istəyirdik ki, yüzminlərlə insan eyni anda dağılsın və ordu müdaxilə etməsin,
Bakıda qalmasın və 7 ay bizim əlimiz-qolumuz bağlanmasın.


Sonralar mən dəfələrlə bu haqda yazdım. O meydan bir
azadlıq universiteti idi, qəhrəmanlıq universiteti idi. Meydanda millət 100 il ərzində
yaşadığı ağrı-acıları eşitdi. Rusiya Azərbaycanı parçaladıqdan sonra bu millətin
başına bəlalar açdığı haqqında cəsarətli çıxışlar eşitdi. O meydanda millət
Sovet dövründə deməyə cəsarət etmədiyi bütün həqiqətləri dedi. Millətin içindən
xof çıxdı, millətin qəddi düzəldi, millət öz gücünü gördü. Xalq anladı ki, onun
ruhu hələ də yerindədir və o öz haqqını müdafiə etməyə qadirdir.




- Meydan hərəkatını Sovet DTK-sına
bağlayanlar var. DTK-nın təsiri var idimi hərəkata?



- Meydan hərəkatının əhəmiyyətini kiçiltmək olmaz. Bəzən
deyirlər ki, "KQB” təşkil etmişdi bu mitinqi. O zaman sual yaranır ki, o günə
kimi, o kitablar ki, insanların əlində idi, o kitabların təsiri ilə meydana gəlmişdirlər,
bəs onu kim yazmışdı. Onu da "KQB” yazmışdı? Əgər bu meydanı hökumət təşkil
etmişdisə o zaman İstiqlaliyyət küçəsində və başqa yerlərdə meydana axışan
xalqın yolunu niyə kəsirdi?


- Sizin haqqınızda da deyilir ki, sizi
meydana "KQB” göndərmişdi...


- (gülür) Bu necə ola bilər, o zaman mənim əvəzimə
"Ömür kitabı”nı da "KQB” yazmışdı? O vaxt hakimiyyət özü aciz idi.
Hakimiyyət bizə yalvarırdı ki, icazə verin biz də meydanda çıxış edək, sözümüzü
deyək. Biz qəbul etmirdik.


Mən bir dəfə axşam qaranlıqda bir "KQB” işçisi ilə
qarşılaşdım. Meydana gəlirmiş. Mənə dedi ki, qorxmayın, biz də sizinləyik.
"KQB” millətin qorxusundan özünü xalqla bir yerdə imiş kimi göstərirdi, çünki,
başqa yol yox idi. Mən bir daha bunu bəyan etmək istəyirəm, çünki bu, tarixdir,
tarixi həqiqətlər deyilməlidir. Meydanın 5-ci, ya da 6-cı günü idi, mənə
meydanda tanımadığım bir adam yaxınlaşdı və dedi ki, sizi gözləyirlər, Vaqif müəllim
sizinlə görüşmək istəyir. Vaqif Hüseynov o zaman Bakıda Dövlət Təhlükəsizlik
Komitəsinin sədri idi. Mən narahat oldum ki, bu nə ola bilər. O vaxt hamımız
qorxurduq, çünki bilmirdik sonu necə olacaq. Mən gedib onunla görüşdüm, yanında
tanımadığım iki-üç nəfər adam da var idi. Sonradan məlum oldu ki, Moskvadan gəliblər.
Əgər mənim onlarla əlaqəm olsa idi, o zaman bu görüşə ehtiyac olmazdı.




Mən qorxurdum ki, məni həbs edə bilərlər, ancaq
bunun əksinə Vaqif Hüseynov məni çox mehriban qarşıladı və qorxum da yox oldu.
Yanındakı şəxsləri mənə təqdim edib dedi ki, onlar Moskvadan gəliblər və nə
meydan hərəkatı haqqında, nə də Qarabağda baş verənlər haqqında heç bir məlumatları
yoxdur. Məndən xahiş etdi ki, meydanda dediyim sözləri onlara da deyim və çəkinmədən,
sərt bir şəkildə fikirlərimi bildirim.

Mən təxminən 2-3 saat ərzində Moskvadan gələnlərə
Ermənistanda bizim əleyhimizə yazılmış kitablardan başlamış, Qarabağda torpaq
iddiası, Topxana meşəsində aparılan tikinti, meydandakı çıxışlar, Sovet
hakimiyyətinin xalqın başına gətirdiyi bəlalar haqqında danışdım. Mən cəsarətlə
bu fikirləri dedikcə, Vaqif Hüseynov arxadan mənə əl işarəsi ilə "əla” göstərirdi
ki, davam elə, narahat olma. Bu bir tarixi həqiqətdir və mən bunu gizlədə bilmərəm.
Mən o zaman gördüm ki, bizim sözümüzə "KQB”nin də ehtiyacı var, xalq qarşısında
aciz olan Mərkəzi Komitənin da ehtiyacı var. Ancaq o zaman hakimiyyətdə olan Vəzirov
Moskvaya, Qarbaçova inanırdı. Deyirdi ki, meydan dağılsın, Qarbaçov bu məsələni
həll edəcək.


Meydanda müxtəlif qruplar var idi ki, hərəkatı öz tərəflərinə
çəkmək istəyirdilər. Ancaq mənim o qrupların heç birinə aidiyyətim yox idi. Mən
illər uzunu dediyim sözün ardınca meydana gəlmişdim. Sonradan da yazmışam
ki, mənim bütün ömrüm meydana gələn yol imiş. Mən bütün ömrümü meydana
doğru gəmişdim, meydan üçün yaşamışdım. Meydanın dağılması üçün heç kimi eşitməyən
xalq məni eşitdi. Meydan hərəkatı mənim tərcümeyi-halımın parlaq bir səhifəsidir,
heç kim bunun üstündən xətt çəkə bilməz. Millətin tarixinin də unudulmaz bir səhifəsidir.


- Meydanda sizinlə çiyin-çiyinə
dayananlardan biri də Nemət Pənahlı idi. Onunla münasibətləriniz davam elədimi?
Hazırda onunla, ailəsi ilə maraqlanırsınızmı?


- Təəssüf ki, son vaxtlar əlaqəm yoxdur. Ancaq o, həbs
olunmazdan bir müddət əvvələ qədər əlaqələrimiz olub, münasibətlərimiz davam
edirdi. Nemət 26 yaşında meydana çıxmış bir gənc idi, kasıb, evsiz-eşiksiz. Mən
Moskvadan gələn şəxslərə də demişdim ki, gedin onun üzündəki qabara baxın,
hansı şəraitdə yaşamasına baxın, o, yaşadıqlarını, həyatda gördükləri zülmlərdən
danışır. Nemətlə bizim aramızı vurmaq üçün çoxlu yalanlar uydurdular, müxtəlif
qruplar heç demədiyimiz sözləri bizim adımızdan çap edib yayırdılar. Mən Neməti
məhz bu meydandakı fəaliyyəti ilə tanıyırdım. O mənə deyirdi ki, ətəklərimizi
bir-birinə tikək ki, ayrılmayaq. Mən ətəyini mənim ətəyimə tikmək istəyən və
meydanda cəsarətlə sözünü deyən, bir çox ziyalılarımızın qorxub çəkildiyi
tribunada ziyalı səviyyəsində çıxış edən o Neməti tanıyıram. O tarix mənə necə əzizdirsə,
Nemət də bir o qədər əzizdir. Sonra həyat onu hara çəkdi, hara apardı, bu,
başqa bir məsələdir. Ancaq məhz o günlərin xətrinə onun indiki şəraitini
yüngülləşdirmək üçün hansısa addımlar atılmalıdır.




- Sabir bəy, meydanda pul yığan kimlər
idi? Sonradan o pulların taleyi necə oldu?


- Meydanda çadır qurulmuşdu, Nemət də o çadırda
qalırdı. Pullar əsasən o çadıra gəlirdi. Mənə də bir neçə dəfə müraciət edənlər
olmuşdu, mən adətən kürsüdə olurdum deyə ora gələnlər az idi. Çadıra gələnlər
olurdu, Nümayiş Komitəsi var idi, ora da gələnlər olurdu, orada da pullar
yığılırdı. Bu pullar sonradan Ermənistandan köçüb gələnlərə yardım üçün
verilmişdi. Hamısı dəftərlərdə qeyd olunmuşdu. Mən meydanda pul yığılma məsələsi
olanda ilk gündən demişdim ki, bu pul söhbəti bizim meydandakı təmiz işimizə,
xalqın iradəsini əks etdirən hərəkata kölgə salan bir məsələdir. Tapşırmışdım
ki, meydanda pul yığılmasın. İlk günlərdə bu tribunanın qarşısında kimlərsə
papaq qoyub pul yığırdılar. Mənim bunlardan xəbərim olmayıb. Ona görə ki, nə
pulların yığılması prosesi, nə də o vəsaitin sonrakı taleyi ilə bağlı heç nə
deyə bilmərəm.


- Ən maraqlı məqam odur ki, bu gün 2-3
min nəfərlik kiçik bir mitinq qarşıdurmaya qədər gəlib çıxır. Necə oldu ki,
milyonlarla insanın meydanda olduğu bir vaxtda ölkədə xaos yaranmadı, şəhərdə
oğurluq, kriminal, qarşıdurma olmadı?


- Bakıda çoxlu maraqlı qüvvələr var idi ki, bu
meydanda bir qarışıqlıq olsun. Amma biz Nümayiş Komitəsində meydanın təhlükəsizliyini
təmin eləmişdik. Burada əfqan əsgərləri var idi, onlar meydanı qoruyurdular və
buraya kənar şəxslərin gəlməsinə imkan vermirdilər. Meydan hərəkatında heç bir
qarışıqlığın yaranmaması millətimizin nə qədər ayıq-sayıq və məsuliyyətli
olmasını göstərirdi.


O vaxt Bakıda bir çox qüvvələr var idi ki, 1990-cı
ilin 20 yanvar hadisəsinin 1988-ci ildə olmasını istəyirdilər. Həm xalqın
ayıqlığı, həm də bizim iradəmiz buna imkan vermədi. Mən çıxışlarımda demişdim
ki, burada bir nəfərin burnu qanasa onun məsuliyyəti həm də mənim üstümdədir.
Bakıda bu qədər rus, erməni yaşadığı halda meydanda bir nəfərin də burnu
qanamırsa, bu bizim millətimizin böyüklüyüdür. Mən bu sözləri o zaman meydandan
demişdim. Həmçinin Sumqayıt hadisələrinin nəticələri göz qabağında idi. Mən 18
günün sonunda məhz bununla qürur duydum ki, bizim sözümüzü eşidən, bizə inanan
millətin hansısa təxribata uymasına imkan vermədik.




- Bu gün hava çox soyuqdur, yarım saat
burada durmaq mümkün deyil. O zaman, belə soyuqda 18 gün burada necə
qaldınız?


- Bəli, o zaman da hava çox soyuq idi. Ancaq bura o
qədər adam yığılmışdı ki, onların hənirtisi bizi tribunada üşüməyə qoymurdu.
Bir sözlə, xalqın nəfəsi bizi isidirdi. O vaxt burada tonqallar qalamışdılar,
od asfaltı yandırmışdı, meydanda çalalar yaranmışdı. Sonralar buradan maşınla
keçəndə hər dəfə o çalalara düşəndə həmin günlər yadıma düşürdü, kövrəlirdim.
İndi gördüyünüz kimi, o çalaların üstündən asfalt çəkilib. Kaş ki, saxlanaydı.
O da şərəfli tariximizin bir izi idi.


Bakı Post




“Onlar meydanda papaq qoyub, pul yığırdı” -  Sabir Rüstəmxanlı/MÜSAHİBƏ
“Onlar meydanda papaq qoyub, pul yığırdı” -  Sabir Rüstəmxanlı/MÜSAHİBƏ
“Onlar meydanda papaq qoyub, pul yığırdı” -  Sabir Rüstəmxanlı/MÜSAHİBƏ
“Onlar meydanda papaq qoyub, pul yığırdı” -  Sabir Rüstəmxanlı/MÜSAHİBƏ
“Onlar meydanda papaq qoyub, pul yığırdı” -  Sabir Rüstəmxanlı/MÜSAHİBƏ
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar